Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Şuşanın işğalının 26-cı ildönümündə universitet müəllimlərinin və tələbələrin birgə əməyinin məhsulu olan “Memarın yaddaşı” adlı layihə təqdim olunub. Təqdimat mərasiminə universitetin professor-müəllim heyəti ilə yanaşı, müxtəlif qurum və təşkilatlardan qonaqlar da qatılıb.
"Qafqazinfo" xəbər verir ki, layihənin rəhbəri, AzMİU-nun Strateji planlaşdırma şöbəsinin müdiri Ülkər Səttarova məlumat üçün bildirib ki, layihə universitetin Biznes İnkubator Mərkəzində hazırlanan “Azərbaycanın işğal olunmuş ərazilərində tarixi abidələrin 3D modellərin layihələşdirilməsi” adlı layihənin tərkib hissəsidir. 2 il davam edən layihənin hazırlanmasında məqsəd Qarabağ bölgəsində ermənilər tərəfindən dağıdılmış memarlıq abidələrinin qədim çertyojlar əsasında 3D modellərini yaratmaqdır.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova layihənin icraçılarını təbrik edib, onlara belə bir əhəmiyyətli işi gördükləri üçün təşəkkürünü bildirib. Rektor qeyd edib ki, bu gün ermənilər tərəfindən işğal olunan torpaqlarımızda xalqımızın tarixini yaşadan memarlıq irsimiz təhlükə altındadır, erməni vandalları abidələrimizi erməniləşdirməklə məşğuldur, bu abidələri dünyaya erməni abidələri kimi təqdim etməkdən çəkinmirlər. “Sizin ərsəyə gətirdiyiniz layihə doğru məlumatları əks etdirmək, tarixi faktları təhrif etmədən cəmiyyətə, xüsusilə, gənclərə təqdim etmək və gənclərimizdə vətənpərvərlik ruhunu yüksəltmək baxımından böyük əhəmiyyət daşıyır. Ona görə gördüyünüz işlər alqışlanmalıdır və davamlı olmalıdır”.
Sonra layihə çərçivəsində hazırlanmış 3 filmdən ibarət video çarx nümayiş olunub.
Son xəbərlər
Son Xəbərlər