AzMİU-da Memarlıq təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb

azmiu-da-memarliq-tehsilinin-100-illiyine-hesr-olunmus-sergi-acilib
Oxunma sayı: 2436

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycanda Memarlıq təhsilinin 100 illiyinə həsr edilmiş kurs və buraxılış işlərindən ibarət sərgisinin açılışı mərasimi olub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə dövlət və özəl qurumlardan nümayəndələr, ölkəmizin nüfuzlu universitetlərinin rektorları, partnyor təşkilatların rəhbərləri iştirak edib. 

Tədbir iştirakçıları əvvəlcə sərgi ilə tanış olublar. Sərgiyə baxışdan sonra AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova Azərbaycanda memarlıq ali təhsilinin tarixindən, keçdiyi inkişaf yolundan danışıb. Rektor vurğulayıb ki, 100 ilə yaxın tarixi olan Memarlıq fakültəsi öz ənənələrinə görə həm Universitetin digər fakültələri, həm də memarlıq ixtisası tədris olunan digər ali məktəblər arasında həmişə seçilib.

G.Məmmədova Memarlıq fakültəsinin bu günündən də danışıb. “Fakültə memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsil pilləsində mütəxəssislər hazırlayır və təhsilin hər iki pilləsində 1100-dən artıq tələbə təhsil alır, onlardan 300-ə yaxını əcnəbidir. Fakültənin professor-müəllim heyətinin böyük qismi memarlıq layihələndirilməsi - şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində  respublikanın  tanınmış  mütəxəssisləri  və  alimləridir”. 

Təhsil Nazirliyiin Aparat rəhbərinin müavini Yaqub Piriyev, Bakı şəhərinin Baş memarı Akif Abdullayev, MİDA-nın İdarə Heyətinin sədri Sadiq Sadıqov, Dövlət Turizm Agentliyinin nümayəndəsi yubiley münasibəti ilə universitetin professor-müəllim heyətini və tələbələri təbrik ediblər. 

Daha sonra qonaqlar Nijniy Novqorod şəhərində keçirilən müsabiqədə işləri qalib olan tələbə və məzunlara, onların rəhbərlərinə diplomlar təqdim ediblər.