AzMİU ilə İstanbul Texniki Universiteti arasında protokol imzalanıb

azmiu-ile-istanbul-texniki-universiteti-arasinda-protokol-imzalanib
Oxunma sayı: 1623

Bu gün Türkiyənin nüfuzlu İstanbul Texnik Universitetinin (İTU) rektoru professor Mehmet Karacanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub, rektor Gülçöhrə Məmmədova ilə görüşüb. “Qafqazinfo” xəbər verir ki, türkiyəli alimlər sonra AzMİU-nun Elmi Şurasının növbədənkənar iclasına qatılıb.

Qonaqları salamlayan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu günki görüşü rəhbərlik etdiyi universitetin həyatında tarixi gün kimi dəyərləndirib. İTU ilə ikitərəfli əlaqələrin hələ 2002-ci ildən qurulduğunu yada salan rektor bu illər ərzində birgə görüşlərin, müzakirələrin, ikili diplom müqavilələrinin imzalanması istiqamətində ilkin razılaşmaların əldə olunduğunu bildirib. O, 2008-ci ildə AzMİU ilə İTU arasında ikili diplom proqramı üzrə müqavilənin imzalandığını, lakin Türkiyənin Yüksək Öyrətim Kurulu tərəfindən razılığın əldə olunmadığını bildirib. Ötən ilin sentyabrında İnşaat mühəndisliyi ixtisası üzrə İkili diplom müqaviləsinin artıq reallaşdığını yada salan professor G.Məmmədova bu günki görüşdə Memarlıq ixtisası üzrə Niyyət protokolunun imzalanacağını Şura üzvlərinin diqqətinə çatdırıb. 

İTU rektoru, professor Mehmet Karaca rəhbərlik etdiyi universitet barədə geniş məlumat verib, İTU-nun beynəlxalq əlaqələrindən, beynəlxalq reytinq cədvəllərində tutduğu yerlərdən də danışıb. O, AzMİU ilə əlaqələrin genişlənməsinə böyük dəyər verildiyini, bu görüşün həmin istiqamətdə gedən müzakirələrin davamı kimi qiymətləndirib. 

Rektorun çıxışından sonra AzMİU ilə İTU arasında Niyyət Protokolu imzalanıb. Daha sonra G. Məmmədova Elmi Şuranın qərarına əsasən, İTU rektoru Mehmet Karacaya AzMİU-nun “Fəxri doktoru” adının verildiyini bildirib və diplomu rektora təqdim edib.