AzMİU-nun 200-dən çox tələbəsinə iş verilib

azmiu-nun-200-den-cox-telebesine-is-verilib
Oxunma sayı: 1044

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ölkənin aparıcı istehsalat müəssisələrinin nümayəndələri ilə universitet kollektivinin “Uğurlu tərəfdaşlıq-real təcrübə” adlı görüşü keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, görüşdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, professor-müəllim heyəti, ölkənin aparıcı dövlət və özəl müəssisələrinin (Zaferoğlu İnşaat MMC, Embawood MMC, AzerGold QSC, Təmiz Şəhər ASC, AzVirt MMC və.s) rəhbər və nümayəndələri, tələbələr iştirak edib. 

Rektor Gülçöhrə Məmmədova görüşün məqsədinə toxunaraq universitetdə kadr hazırlığı məsələsində nəzəri biliklərlə yanaşı, praktik biliklərə xüsusi əhəmiyyət verildiyini qeyd edib. O, əmək bazarının tələblərinə cavab verən kadr hazırlığının ali təhsil müəssisələri qarşısında duran əsas məsələ olduğunu, bu istiqamətdə elm-təhsil-biznes vəhdətinin vacibliyini diqqətə çatdırıb, uğurlu tərəfdaşlığın davamında universitetin iş dünyası ilə olan əməkdaşlığının hər iki sahəyə olan müsbət təsirindən danışıb. Rektor kadr hazırlığında universitetin əmək bazarı ilə birgə fəaliyyətinə geniş imkanlar yaratdığını bildirib.

Rektor həmçinin bildirib ki, keçən ildən etibarən tələbələr ilk dəfə olaraq 14 həftəlik istehsalat təcrübəsinə göndərilib. Məhz bu cür təcrübələr zamanı 200-dən çox tələbə əmək haqqı almaqla yanaşı işlə də təmin olunub.    

G. Məmmədova yekunda bir qrup istehsal müəssisəsinin rəhbər və nümayəndələrinə təşəkkürnamələr təqdim edib.