“Apar Urekidə sox DJ-in gözünə” - Reportaj

-apar-urekide-sox-dj-in-gozune-reportaj-
Oxunma sayı: 1050

Gördüklərimdən, öyrəndiklərimdən və 14 günlük yaşadıqlarımdan belə anladım ki, İradə Tuncay düz deyirmiş: “Gürcüstan qərbin layihəsidi. Nə vaxtsa bu layihənin müddəti bitəcək”.

Səhər 7-di. Tbilisidəyəm. İlk qarşılaşdığım gürcünün alnıma ilişdirdiyi yumruq məni xəyallar aləmindən ayırır. Özümə pıçıldayıram: məgər bura ora deyil? 7 lari, bizim manatla 3,5 AZN-lik məsafəyə taksi sürücüsü 40 lari istəyir. Bəxtəvər olmuşuq, funklyoru görmək arzusunun içindən çıxıb avtobusdan düşəndə qabağımıza qaçan taksi sürücüsü deməyib ki, hələ tezdi, park saat 10-dan sonra işləyəcək.

- Axı bura bağlıdı - hündürlükdə salınan yaşıllığın ortasında təəccübümü çatdırıram.
- Siz dediz funklyoru istəyirik, mən də gətirdim - etinasız cavab və ardından gediş haqqının elanı.

Tələb olunan pulun çoxluğuna etiraz edirəm. Deyirəm ki, öyrənmişəm bu məsafəyə uzağı 7 lari alırlar. Razılaşmır. Təbii, mən də. İki beş manatlıq və 4 lari verə biləcəyimi deyirəm. Donquldanır. Xeyri yoxdu, onsuz yenə bizi aldatmış sayılır. 7 lari hara, 24 lari hara... Qalırıq meşənin ortasında. Bura marşrut da işləyirmiş. Bir neçə dəqiqədən sonra gəlir və geriyə qayıdırıq, bir saat da paytaxtda veyillənirik. Kafelər və mağazalar bağladı. Binalar hündür deyil, qədimilik adamı sakitləşdirir, şəhərin ortasından çay axır. Çəkicidi. Bir də heykəllər xoş duyğular yaradır. Kim olduqlarını göstərən lövhələr gürcü dilində yazılsa da mədəniyyət nümunələrinə tamaşa etmək zövq verir. Şəhərdə ağaclar çoxdu, əksəriyyəti də bizim xan çinarlar. Çay, ağac və heykəl. Tbilisi yaddaşlara pərçimləyən bu üç əsrarəngiz gözəlliyin vəhdətidi.
Bakıda “Tbilisi ucuzluqdu” mifi dolaşır. Nəhayət qapısı açıq kafe tapıb otururuq. Səhər yeməyi sifariş veririk - pendir, yağ, çörək, bir fincan kofe və iki fincan çay. Bakıda bizdən nə qədər hesab alarlar? Bəli, uzağı 10 manat. Nə uzağı, nə yaxını, 20 lari ödədik. Dəqiq 10 manat.

Metro ilə avtovağzala gəlirik. Bakı metropoliteninin 15 il əvvəlki görünüşünü xatırladır. Amma vaqonlarda kondisioner var.
Batumiyə gedən “Qazel”ə minirik. Çoxdan idi “Qazel”ə minmirdim. Narahatdı. 5 saat yol getdik. Yollar superdi.

Bu da əsasən azərbaycanlıların dillər əzbəri olan Batumi. Küçələrə çay daşları düzülüb. Acariyada bir vaxtlar yaşanan müharibənin izləri demək olar ki, Batumidə görünmür. Binalar memarlıq üslubları ilə seçilir. Şəhər qaynaşır. Bakıda rastlaşmadığımız mənzərə: küçənin ortasında adamlar çimərlik geyimində sərbəst gəzirlər. Belə də olmalıdı. Burda çimərliklə şəhəri ayıran səd yoxdur. Bulvarda gəzə və rahatca çimə bilərsən. Fərq qiymətlər arşında da yoxdur. Ərzaq məhsullarından tutmuş geyim mallarına, avtobuslardakı gediş haqlarına qədər hər şey Bakıdakı qiymətlərin eynidir.

Avtobus 50-60-tetri, bizim pulla 25-30 qəpik.
Ayaqqabı 60-80 lari, bizim pulla 30-40 manat
Köynək 30-40 lari, bizim pulla 15-20 manat
Mal əti 15-18 lari, bizim pulla 8-9 manat

Siyahını uzatmıram. Sonra elə bilərsiz Seymur Baycanın “Ət və ət məhsulları” kitabını oxuyursuz. Yeri gəlmişkən, bu dəfə ənənəmi pozub özümlə kitab götürməmişdim ki, gəzdiyim yerləri doya-doya oxuya bilim. Oxudum da, amma birnəfəsə. Geniş və əsrarəngiz gözəlliyə malik yer deyil Batumi. Şəhəri yarım günə gəzmək olur; çimərliyində iki-üç dəfədən artıq çimə bilmirəsən, ona görə ki, daşların əzdiyi ayağının sağalmasını gözləyirsən; kafe və restoranlarında da eyni yeməklər və eyni içkilər.

Batuminin “Botanika bağı”. Bu bağ çox gözəldi. Müxtəlif ölkələrdən gətirilən 5000 mindən artıq ağac əkilib. Meşəyə yollar çəkilib, hər yerdə səliqə-səhman hökm sürür. Uzunluğu 6-7 kilometr olan bağ qurtaran kimi dəniz başlayır. Batuminin ən gözəl və unudulmaz yeri məhz onun “Botanika bağıdır”.

Batumidə türklər və ermənilər çoxdur. Onlarla nisbətdə azərbaycanlılar barmaq sayı qədərdi. Ermənilər hər yerdə əleyhimizə təbliğat aparır, əsasən acarlardan ibarət olan yerli əhalini hətta inandırıblar da. Bulvarda aksesuar satan qadının beyninə yerləşdiriblər ki, azərbaycanlılar ermənilərin torpağını alıb. Bunu satıcı qadından eşidəndə keçirdiyim hissləri sizə sözlə anlada bilmirəm. Anlatmaq istəsəm gərək yazını yarımçıq saxlayıb, Xarici İşlər Nazirliyinin qarşısına doğru yürüyəm və çatanda qışqıram ki, utanmırsız bu binada xorna çəkib yatırsız?.. Belədə də adımı qoyacaqlar müxalifətçi...

Yazımla məşğul olsam yaxşıdı. Batumidə ayrı-ayrı günlərdə təxminən 50 adam arasında sorğu keçirdim. Bu adamların Saakaşvilidən zəhlələri gedir. Sərt oldu, eləmi? Yox, həqiqətin ad belədi - zəhlələri gedir. Deyirlər ki, iki dəfə ona səs verdik, amma bizi aldatdı, Gürcüstanı ABŞ-ın bazasına çevirdi, nə zovad açdı, nə fabrik, ancaq polis və əsgər yetişdirir. ABŞ-a nifrət edən gürcüstanlıların sayı durmadan artır. Səfərimizin sonuncu günü Tbilisidə də bir neçə gürcüstanlı ilə söhbətimiz oldu. Onlar gürcü əsgərinin Əfqanıstanda ABŞ-a xidmət etmələri ilə heç cür razılaşa bilmirlər. Saakaşvili barəsində belə fikir formalaşıb ki, o, psixi xəstədi. Bir gürcünün dediklərindən: “Bizim prezident ancaq yeyir və qızlarla gün keçirir. Dəfələrlə şahidi olublar ki, o, restoranda yeyir-yeyir amma doymur. Həkimlər bunu psixi pozğunluqla izah edirlər”. Yəni Saakaşvili 20 dəqiqədən sonra beyinə çatacaq doymusan siqnalını eşitmir, ya da bu siqnal ümumiyyətlə onda işləmir.

Saakaşvili barəsində belə sözlər eşitmək ürəyimcə deyil. Onun gürcüləri xoşbəxt edəcəyinə gümanım çox idi. Demirəm ki, indi o güman yoxdu. Var, sadəcə Gürcüstan əhalisinin sosial rifahındakı acınacaqlı durum təəssüfümə səbəb olub. Bəli, bir neçə gürcü ailəsində oldum. Evləri, həyətləri, maşınları... 20 il əvvəl nə qazanıblarsa odur. İndi evə çörək gətirən yoxdur, 40-50 lari pensiyanın ümidinə qalıblar, maşın qarajda çürüyür. Satmırlar ona görə ki, pulu 5-6 aylıq ərzağa çatacaq. Bəs sonra?..

Sonra nə olcağını özləri də bilmir. Saakaşvilinin “Vahid Milli Hərəkat” Partiyası əhali ilə saziş imzalamağa hazırlaşır. Sazişin mətni ailələrə paylanıb. Prezident verdiyi bəzi sözlərə əməl etmədiyini boynuna alır. Növbəti parlament seçkisində bu işləri həyata keçirməyə vaxt istəyir və hər ailəyə 1000 larilik birdəfəlik yardım verir. 1000 lari, AZN-lə 500 manat. Bizim pulla pulsuz.

Batumidə 10 gün qalandan sonra Urekiyə gəldik. Bizdən 2 gün öncə dəyərli jurnalistimiz Etibar Cəbrayıloğlu bir həftəlik istirahətini burda başa vurub. Deməsəm olmur: “Ədalət” qəzetinin 4 əməkdaşı yay tətilini Gürcüstanda keçirdi.

Təsisçi Aqil Abbas, baş redaktor İradə Tuncay, Etibar Cəbrayıloğlu və Ceyhun Musaoğlu. Aqil Abbasla İradə Tuncayın Batumidə qonağı olduq. Qürbətdə doğmalarınla görüşmək qədər insanı fərəhləndirən ikinci hadisə yoxdu.

Urekinin çimərliyi qumludu. Elə bil Zağulbadasan. Bura sırf istirahət zonasıdı. Uzun, ensiz dəhliz yolun sağı-solu otellər, kafelər, əyləncə mərkəzləridir. Yatmaq yoxdu, səhərə qədər yemək-içmək, oyanamaq. Ermənilər Urekini əla alıb. Hansı restorana girirdik Azərbaycan mahnısının erməni dilində oxunması bizi çölə atırdı. Sonra qərara gəldik ki, oturaq və DJ-ə sübut edək. Bacarmadıq. Türk müsafirlər belə, bizə dəstək vermirdi. Gürcü müğənni “Nargilə”ni adını çəkmədən erməni mahnısı kimi erməni dilində oxuyur. Bu stoldan o stola gürcülər erməniləri alqıqşlayır. O stoldan bizim stola isə türklər “başınız sağ olsun” belə, demir. Çünki erməni hakimiyyəti ilə gürcü hakimiyyəti dostdu. Azərbaycan hakimiyyəti ilə Türkiyə hakimiyyəti isə bir-birini qırır. Bizimlə onlar arasında viza rejimi belə götürülməyib.

Urekidə 3 gün qaldıq. Qiymətlərdə fərq görmədik. Təbii ki, Bakı ilə müqayisədə. Qəbələ, Quba, İsmayıllı ilə müqayisədə isə Ureki də, Batumi də ucuzluqdu. Yoxsa Batumiyə yox Qəbələyə gedərdik... Qəbələ Batumidən, İsmayıllı Urekidən, Bakı Tbilisidən çox gözəldi. Urekidə 34 dərəcə isti olanda öyrəndim ki, Gədəbəydə 20 dərəcədi.
Bizi yerimizdən-yurdumuzdan qaçaq salıblar. Elə gürcünü də süni bahalaşma ilə Azərbaycandan uzaqlaşdırıblar. Bizdə olanlar onlarda yoxdu, onlarda olanların isə hamısı bizdə var. Lap demokratiyaya qədər.

Tbilisi-Batumi-Ureki səfərindən sonra dəqiq anladım: Mənim ölkəm füsünkardı, xalqım möhtəşəmdi, dövlətim sarsılmazdı. Bəs onda mənim nəyim pisdi ki, qərib ölkəyə getməyə meylim çoxdu? Getdim, gördüm, gəldim. Dəqiqləşdirdim: bir şeydən başqa hər şeyim yaxşıdı.

P.S.Jurnalist Ekspert Mərkəzi adından gömrük orqanlarına təklif: ölkənin sərhədlərini keçib xaricə gedən hər bir vətəndaşa Qarabağ və işğalda olan ətraf ərazilərin Azərbaycanın tərkib hissəsi olduğunu sübut edən əşyayi-dəlillər verin. Biz yaralı ölkənin insanlarıyıq, qarşımıza şərt qoyun. Deyin ki, apar Urekidə sox DJ-in gözünə.

Ceyhun Musaoğlu