“Azəriqaz” əhalini qazsız qoyub

-azeriqaz-ehalini-qazsiz-qoyub
Oxunma sayı: 660

Bir həftədən artıqdır ki, paytaxtın və Abşeron rayonunda yaşayan əhalinin bir hissəsi qazsız qalıb. Buna səbəb isə «Azəriqaz» tərəfindən sakinlərin mənzillərinə quraşdırılan smart-kart tipli sayğaclara balans yüklənməsi ilə bağlı problemin ortaya çıxmasıdır. Qeyd edək ki, ancaq paytaxtın az hissələrində xüsusi bankomatlar (Pay Point) vasitəsilə smart-kartların balansını artırmaq olur. Bir neçə gündür isə bu xidməti dayandırılıb.

Bu barədə qəzetimizə məlumat verən Binəqədi sakinlərinin sözlərinə görə, rayonun Qaz İstismar İdarəsində də problem araşdırılmır. Qaz idarəsindən sakinlərə bildirirlər ki, smart-kartların balansını artırmaq onların səlahiyyətində deyil. Bununla bağlı yaranmış texniki problemi isə bu xidməti həyata keçirən xarici kompaniya həll etməlidir.

Ancaq həmin avadanlığın üzərində isə əlaqə telefonu olmadığından insanlar çıxılmaz duruma düşüb.

Xatırladaq ki, «Azəriqaz» rəhbərliyi smart-kart sisteminə keçdi bu sahənin yeniliklərindən biri kimi dəyərləndirməklə yanaşı, həm də əhaliyə göstərilən xidmətin yüksək səviyyəyə çatdırılması kimi qiymətləndirirdi. Ancaq göründüyü kimi ortaya çıxan problem həll olunmur, əhali günlərlə qazsız qalır.

Smart qaz sayğacları istifadə edilən insanlar «Azəriqaz» rəhbərliyini günahlandırır. Qeyd edək ki, abonentlə «Azəriqaz» arasında imzalanan müqavilədə abunəçinin mənzilinin fasiləsiz və keyfiyyətli qazla təmini əks olunub.