“Heç kəs Heydər Əliyev haqqında bunları bilmir” – Mühafizəçi

-hec-kes-heyder-eliyev-haqqinda-bunlari-bilmir-muhafizeci-
Oxunma sayı: 7440






“Qafqazinfo” Heydər Əliyevin şəxsi mühafizəsinin sabiq rəisi, “İnterfaks-Azərbaycan” informasiya agentliyinin baş direktoru Aleksandr Alekseyeviç İvanovun ANS PRESS-ə müsahibəsini təqdim edir.


- 2003-cü ilin 11 dekabr tarixi sizin yadınızda necə qalıb? Siz bu xəbəri eşidəndə, harada idiniz?
- Heydər Əliyevin ölümündən keçən bu 8 il ərzində həmin gün mənim həyatımın ən kədərli, qəmli günlərindən biridir. Dekabrın 11-dək Bakıda və Moskvada, başqa şəhərlərdə xoşagəlməz söz-söhbətlər gəzirdi. Düzünü deyim, uzun illər Heydər Əliyevi tanıdıqdan sonra bu insanın dünyanını tərk edə biləcəyini təsəvvür etmək çox çətin idi. Mən Moskvada idim və bu barədə dəqiq xəbəri ilk alanlardan biri mən oldum, çünki o vaxt mən Heydər Əliyevin göstərişi ilə Azərbaycanın RF-dəki səfirinin təhlükəsizlik üzrə müşaviri idim. Elə ertəsi gün mən Bakıya uçdum. Açığı, bu xəbərin verilməsini və Bakıdakı matəm prosedurunu xatırlamaq mənim üçün çox çətindir. Bu, təkcə mənim üçün yox, bütün Azərbaycan xalqı üçün çox ağırdır. Rusiyada belə böyük insanın itkisi barədə ağır xəbər birmənalı qarşılanmadı.


- Heydər Əliyevlə işlədiyiniz dövrdən ən mürəkkəb vəziyyət kimi yadınızda nə qalıb?
- Əgər bu suala peşəkarlıq baxımından yanaşılsa, çətinliklər hər gün ola bilər. Çünki bizim üzərimizə onun şəxsi mühafizəsini təşkil etmək və təhlükəsizliyini təmin etmək kimi çox məsuliyyətli iş qoyulmuşdu. O zaman bu, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) 9-cu idarəsi idi. Əgər hər şey təşkilatlanmış və düşünülmüş olarsa, onda böyük çətinliklər yaranmır. Amma mühafizə xidmətinin əməkdaşlarının gündəlik işdə qarşılaşdığı xüsusi hallar və qeyri-adi vəziyyətlər olurdu. Kremldən onun bağ evinə kimi 30-40 dəqiqə yol getmək lazım idi. Bir qayda olaraq bu cür məşğul insan həmişə öz işləri haqqında düşüncələrə dalırdı. Və yalnız avtomobildə adi insan kimi rahatlaşa, soruşa, nəsə danışa, məişət məsələləri ilə maraqlana bilirdi. Mənə gəldikdə isə, daxilən bir gərginlik var idi, bu gərginlik həmişə var idi.

Heydər Əliyevə qarşı təhlükəli siqnallar, kriminal əhval-ruhiyyəli qruplar tərəfindən hər hansı əməllər olmayıb, ancaq o, bir peşəkar kimi işimizin spesifik xüsusiyyətlərini dəqiq başa düşürdü. O, həmişə sakit idi və deyirdi ki, Allahın onu qoruduğunu hiss edir.

Moskvada çox maraqlı bir hadisə baş vermişdi. 1986-cı ilin sonlarında Heydər Əliyev kooperativ hərəkatı idarəsinin rəhbəri idi. Moskvadakı ilk özəl kafelərdən birində süfrə açmışdılar. O dəqiqə dedi: “Mən burada oturmayacağam”. Ayrıca stol açılmasını istədi. “Borjomi” və stəkan qoydular. Heydər Əliyev menyünu istədi. Bundan sonra o, kafe sahibinə dedi: “Sənin borşa bazar xaması deyil, mağazadan 1.70-ə aldığın xama qoyduğuna necə zəmanət verə bilərsən?” Axı, yeməklər kommersiya qiymətinə satılırdı. Bax, o, belə detallarla maraqlanırdı.

Əgər iş prosesində təhlükəli anlar yaşanırdısa, bunun təşəbbüskarı 100 faiz o və onu qarşılayan kütlə olurdu. Əgər köhnə lentlərə baxsaq, Heydər Əliyevi inanılmaz sayda böyük kütlənin qarşılayıb salamladığını görərik. İstər Azərbaycanda birinci katib vəzifəsində çalışanda, istərsə də Kremldə işləyən zaman bu belə idi. Həmişə insanları ondan uzaqlaşdıranda, Yüksək səslə milisləri oradan uzaqlaşdırmağı xahiş edirdi ki, insanlar ona yaxınlaşa bilsinlər. Heydər Əliyev respublikanın kolxoz və sovxozlarına səfər edərkən şəhərdən çıxanadək beşyerlik ZİL markalı avtomobilinin ön oturacağına əyləşərək şüşəni endirib insanlara əl edirdi. Təhlükə ondan ibarət idi ki, ətrafda olan insanlar ona gül atırdılar. Mən isə arxa şüşədən qurşağadək yuxarı çıxararaq ona tərəf atılan gülləri tutmağa məcbur olurdum.

Başqda bir hadisə də yadımdadır. Biz Anqolada yerli Kommunist Partiyasının qurultayında olanda, qəflətən elektrik enerjisi verilişi kəsildi. Biz bütün heyətlə rəyasət heyətinin tribunasının arxısında idik. Bu zaman Heydər Əliyev soruşdu: “Saşa sən burdasan?”. İş burasında idi ki, zalda əyləşənlərin əksəriyyəti qaradərili insanlar idi. Həm də elə qaranlıq idi ki, ətrafda heç nə görmək mümkün deyildi. Bax, belə maraqlı məqam yaşanmışdı.

Rusiyada indi də onun xidmətlərini xatırlayırlar - Heydər Əliyev Novorossiysk şəhəri yaxınlığında “Admiral Naximov” teploxodunun qəzaya uğramasının səbəblərini araşdıran komissiyaya rəhbərlik edən zaman Sovet İttifaqının Siyasi Bürosu rəhbərliyinin nüfuzunu xilas etmişdi. O, teploxodda həlak olanların qohumları ilə çoxsaylı görüşlər keçirmişdi, insanlar gəminin qəzaya uğramasının detallı istintaqını tələb edirdilər. Adamlar Heydər Əliyevin onlara necə yaxın olması, onların dərdini necə bölüşməsinin şahidi oldular. Bir dəfə komissiyadakı işi zamanı onun əlinə qəza nəticəsində ölənlərin birinin ölümü haqqında arayışı keçdi. Burada həlak olanların ölüm səbəbi kimi “boğulma” qeyd edilmişdi. Bundan sonra o, 400-dən artıq blankda ölüm səbəbinin dəyişdirilməsini tələb etdi. Konkret olaraq ora “ölümə “Admiral Naximov” teploxodunun qəzaya uğraması səbəb olub” sözləri əlavə edildi. O bu addımını belə izah etdi: “5-6 ildən sonra hər şey yaddan çıxacaq. Ola bilsin ki, bəziləri həmin gəmidə olan insanların məsələn, sərxoşluq üzündən boğulduqlarını düşünə biləcəklər”. Bu əlavə məhz buna görə edilmişdi.

- O, sizə necə münasibət bəsləyirdi? Nə dərəcədə tələbkar idi? Onun tabeliyində olanlara qarşı münasibəti dostcasına idimi?
- Mən həmişə bildirmişəm ki, bu cür insanla bu qədər vaxtı bir yerdə olduğum üçün şərəf hissi keçirirəm. Bu insan mənə öz təhlükəsizliyini etibar etmişdi. Mən Heydər Əliyevə həmçinin ona görə də minnətdaram ki, 1982-ci ildə məni Moskvaya apararaq Siyasi Büro üzvlərinin mühafizəsinə rəhbərlik etməyə şərait yaratdı. Bu mənim, ailəm, nəvələrim üçün böyük şərəfdir. Tələbkarlığa gəldikdə isə bu bizim peşəkar sənətimiz üçün təbii və obyektiv haldır. Ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə Moskvada Heydər Əliyevin iş yoldaşları ilə görüş təşkil edilmişdi. Bütün kollektiv toplaşmışdı – sürücülər, katibliyin sabiq əməkdaşları, bir sözlə hamısı... Sonra isə 12 nəfərdən ibarət qrup Azərbaycana gəldi. Burada onları Mehriban xanım Əliyeva qəbul etdi. Tədbir keçirildi. Onların hamısı özlərinə qarşı münasibətdən, ölkənin gözəliyindən heyran qalmışdılar. Heydər Əliyev və Zərifə Əliyevanın irsi bizim hazırki liderimiz İlham Əliyevə keçib. Bu, unikal addım idi, qonaqların bəziləri hətta bu insani addımdan göz yaşlarını saxlaya bilmirdilər.

- Əgər 100 faizlik cədvəl ilə götürsək, Heydər Əliyevin öz tabeliyində olanlara qarşı tələbkarlığı hansı səviyyədə idi?
- Yüz faiz. Burada güzəşt söhbəti oal bilməzdi. O bunu qəbul etmirdi. Əgər mənim tərəfimdən çatışmazlıq olardısa, bunu aradan qaldırmalı idim. Bir misal çəkim. Heydər Əliyev şəkil çəkdirməyi xoşlayırdı.O, fotogenik idi. Onun ətrafında protokol fotoqrafları olsa da, bədii fotorqraflar yox idi. Onun yanında TASS-ın fotomüxbir, məşhur fotoqraf Eduard Pesov işləyirdi. Brejnevin ölümündən sonra o, Heydər Əliyevin yanında işləməyə başlamışdı. Bir dəfə Eduard Pesov mənə Heydər Əliyevin studiya fotoşəkillərini çəkmək istədiyini bildirdi. Mən də bunu Heydər Əliyevə çatdırdım. O isə bunun üçün mənə xüsusi gün ayırmağı tapşırdı. Biz bu haqda heç kimin bilməsini istəmirdik. Təyin olunan gün xüsusi yerə gəldikdə isə gördük ki, orada təhlükəsizlik xidməti və Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları dayanıblar. Heydər Əliyev mənə irad tutdu: “Axı mən sənə tapşırmışdım ki, heç bir mühafizəçi olmasın”. Bundan sonra elə etdim ki, hamı getsin. Ancaq onun əhvalı pozulmuşdu. Çəkilişdən sonra biz avtomobilə əyləşdik. O mənə “Görürsən, istəyəndə alınır. Görürsən, necə sakitlikdir” dedi. Mən isə “Heydər Əliyeviç, onda gərək Siyasi Büronun sənədləri dəyişsin” deyərək cavab verdim (SSRİ-nin yüksək rütbəli şəxsləri və Sovet İttifaqına gələn qonaqların mühafizəsi haqqında sənədlər nəzərdə tutulur-red.). O, bizim işimizi çox yaxşı anlayırdı. Çətin vəziyyətlərdə dəqiq idarəçilik bacarığını göstərirdi.

- Siz ondan hansı şəxsi keyfiyyətləri əxz etmisiniz?
- Mən özüm xaraktercə sakit təbiətli, obyektiv, prinsipial adamam. Vəfalı insanlarla dostluğu sevirəm. Əgər məndə yaxşı keyifiyyətlər varsa, onlar Heydər Əliyevdən keçib.

- O, öz uşaqlarına qarşı çox ciddi və tələbkar idi?
- Yəqin ki, hər bir ata, üstəlik belə yüksək səviyyəli ata istəyirdi ki, uşaqları nəsə mənimsəyə bilsinlər. Heydər Əliyev və Zərifə xanımın uşaqları özləri elə düşüncəli və alicənab idilər ki, heç cür valideynlərinə problem yarada bilməzdilər. Onlar müstəqil və istedadlı idilər. İlham Əliyevin özü 16 yaşından Moskvada idi, oxuyurdu, müstəqil yaşayırdı, yeməyi özü bişirirdi. Sevil musiqi ilə məşğul olurdu, mahnı müsabiqəsinin laureatı olmuşdu. Heydər Əliyev uşaqlarla birgə bütün ictimai tədbirlərə baş çəkirdi, hansısa ayrı VİP kürsülərdən kənar, sakitcə, adi ailəli adam kimi mühafizəsiz tribunaya keçirdi.

- Onun arzusu nə idi? Onun sizinlə bu barədə fikirlərini bölüşdüyü anlar olub?
- Zərifə xanım xəstələnəndə, Heydər Əliyev onu necə xilas etmək, həyatda saxlamaq barədə düşünürdü. Əlbəttə, bütün atalar kimi o, uşaqlarının və nəvələrinin xoş gününü arzulayırdı. Həmçinin Azərbaycan xalqı barədə düşünürdü. Moskvada olduğu müddətdə elə bir gün olmurdu ki, Azərbaycandan kimisə qəbul etməsin.

- Onun hobbisi var idimi?
- Onun iş metodu hobbini, əyləncəni istisna edirdi. Yalnız gündəlik idman məşğələləri – qaçış, üzgüçülük var idi. Deyim ki, o, xalq üçün yaranmış biri idi.

- Bəs onun yaxın dostları?
- O, hamının yatdığı “ölü saatı”nda işdə olan, işləyən yeganə insan idi. Axşam saat 9-da o, televizoru yandırıb xəbərlərə baxırdı. Sonra gedirdi, səhər saat 6-da dururdu. Heydər Əliyev bir az asketik həyat tərzi keçirirdi – içmirdi, siqaret çəkmirdi, quş və balıq ovuna getmirdi. Dostları isə yalnız yaxınları və ailəsi idi.

- Bəs hansı yeməklərə üstünlük verirdi?
- Təəccüblənməyin, amma sizə bir tarixçə danışım. O, Azərbaycanın prezidenti olanda biz bir dəfə onun bağ evində olduq. Heydər Əliyev əynini dəyişdi, qonaq otağına qayıtdı və mənə dedi: “İndi sən prezidentin necə yemək yediyini görəcəksən”. Mən isə dedim ki, “Heydər Əliyeviç, mən bilirəm”. “Nə bilirsən?” deyə o soruşdu. Cavab verdim ki, - “İndi qızardılmış badımcan, pomidor və bir tikə qaynadılmış ət gətirəcəklər”. Onda o, yemək bişirən qadından soruşdu: “Yeməyə nə var?” O isə cavab verdi: “Saşanın sadaladıqları...”
O, düzgün həyat tərzi sürürdü, sağlam qidaya önəm verirdi. Əlbəttə, Moskvada iş zamanı, olurdu ki, Bakıdakı qohumları ona dadlı yeməklərdən gətirirdilər.

- Qayıdaq 2003-ci ildəki epizoda. Gənc zabitlər qarşısındakı çıxış. Onda Respublika Sarayında Heydər Əliyevin ürəyi tutur. O anları necə keçirdiniz?
- Çox pis oldu. Hələ Moskvada olarkən, o, öz səhhətinə fikir verirdi. 1987-ci ildə infarkt keçirməsindən sonrakı dövr çox ağır idi. Demək olar ki, o, mənim çiynimdən tuta-tuta ağrıların öhdəsindən gələrək palatanın dəhlizlərində addımlayırdı. Amma o, inadla işləməyə davam edirdi və hər şey ona gətirib çıxardı ki, onun halı daha da pisləşdi və konkret 2003-ci ildə tribunada hadisə baş verdi. Mən hiss etdim ki, onun halı pisdir. Amma o, ikinci dəfə səhnəyə çıxmasaydı, Heydər Əliyev olmazdı. Və heç bir qüvvə onu saxlaya bilməzdi - nə mühafizə xidmətinin rəhbərliyi, nə də ki yaxın insanlar. O çıxdı və göstərdi ki, Əliyev sağdır, Əliyev sağlamdır, Əliyev öz xalqına lazımdır.

- Sizin Şuşada agentliyinizin nümayəndəliyini açmaq arzunuz var...
- Əgər Heydər Əliyev Azərbaycanda qalsaydı, Qarabağ münaqişəsi ümumiyyətlə olmazdı. Mən onun Dağlıq Qarabağ Muxtar vilayətinə səfərlərinin şahidiyəm. “Eşq olsun partiyaya!”, “Müharibə olmasın!” kimi şüarlar səsləndirəcək öyrədilmiş adamları əvvəlcədən hazırlamaq olardı. Amma Heydər Əliyev kortejin marşrutu üzrə planlaşdırılmamış dayanacaqlar edən ilk adamlardan idi. Mən yerli əhalinin - ermənilərin, yaşlı adamların onun qarşısında diz çökdüyünü və onun əlini öpmək istədiklərinin şahidi olmuşam. İnsanlar ona inanırdılar.

Qarabağ – ölkəmizin tarixində böyük ağrıdır. Eyni zamanda, əldə edilmiş uğurları, məsələn, qoşunların təmas xəttində atəşkəsin elan edilməsini qeyd etməyə dəyər. Heydər Əliyevin praktikliyinə və müdrikliyinə əsaslanmış işləri indi İlham Əliyev davam etdirir. Ümid sonuncu ölür. Mən isə öz növbəmdə mənə həvalə edilmiş işdə əlimdən gələn hər şeyi edirəm. Və ola bilər ki, nə vaxtsa Şuşada agentiyin nümayəndəliyini açmaq arzumu həyata keçirəcəm.