Namaz niyə ərəbcə qılınır?

-namaz-niye-erebce-qilinir
Oxunma sayı: 4998

Bu sualın cavabına başlayarkən öncə ətrafımızda olan müxtəlifliyə, bunun səbəbinə və bu müxtəliflik içində olan həyatımıza baxaq. Təbii ki, bu müxtəlifliyə baxmaq, bunun səbəbini anlamaq və idrak etmək üçün insandan başqa heç bir canlıda olmayan şüur onun köməyinə gəlir.

Jon Kirkbe, Fil OKeefe və Loyd Timberlakenin 1995-ci ildə Londonda çap etdirdikləri "Davamedici İnkişaf" (John Kirkby, Phil OKeefe və Lloyd Timberlakee, "Sustaineble Development") kitabında (səh. 20) yazırlar: "İndiyə qədər dünyada təxminən 1.4-1.8 milyon canlı (bitki və heyvan) növü kəşf olunmuş, toplanmış və adlandırılmışdır. Bioloqlar həmçinin əmindirlər ki, kəşf olunmamış bitkilərin sayı kəşf olunanlardan qat-qat çoxdur. Çox yaxın zamanlara qədər elə hesab olunurdu ki, Yer kürəsində kəşf olunmuş və olunmamış canlıların (bitkilər də daxil olmaqla) sayı təxminən 3 milyondur. Lakin 1985 -ci ildə Smithsonian İnstitutundan Terry L.Ervin sadəcə tropik zolaqda bitən ağacların yarpaqlarında apardığı tədqiqatdan sonra təxminən 30 milyon həşərat növünü aşkarladı".

Həmin kitabın 21-ci səhifəsində isə müəlliflər göstərirlər ki, okean suyunun səthindən ən dərin nöqtəsinə qədər canlıların həyatını tədqiq etmək məqsədi ilə aparılan araşdırma nəticəsində ilkin olaraq 10 milyondan çox canlı aşkarlanmışdır. Daha necə-necə buna bənzər mənbələrə istinad edərək bu sayılmaz, saydıqca isə çoxalan müxtəliflik haqqında danışmaq olar. Allahu-Təala Qurani-Kərim Nahl surəsinin 13-cü ayədə bu müxtəliflik haqqında buyurur: "Yer üzündə cürbəcür rənglərdə yaradılanlarda öyüd alan kimsələr üçün ibrətlər vardır".

Nahl surəsinin 18-ci ayəsində isə Allahu-Təala sayılması müasir elmin bütün cəhdlərinə rəğmən mümkün olmayan bu müxtəliflik haqqında belə buyurur: “Allahın nemətini saymaq istəsəniz, saya bilməyəcəksiniz. Həqiqətən Allah Rahim və bağışlayandır”.
Yer kürəsində olan bu qədər müxtəlif canlılar arasında olan insanlar da öz müxtəlifliklərinə görə fərqlənirlər. Dünyada necə-necə irqlər, millətlər, dillər mövcuddur. Qurani-Kərim insanların bu müxtəlifliyini Rum surəsi, 22 ayədə belə təsvir edir: "Onun (Allahın) dəlillərindən biri də göyləri və yeri yaratması, dillərinizin və rənglərinizin fərqli olmasıdır. Şubhəsiz bunda ağıllı insanlar üçün ibrətlər vardır".

Məhşur ingilis tarixcisi və filosofu Arnold J.Toynbee 1966-ci ildə Londonda nəşr etdirdiyi "Dəyişiklik və Vərdiş Bizim Zamanın Tələbi" (Change and Habit The Challenge of Our Time) kitabında insanların ünsiyyət vasitəsi olan dillərin müxtəlifliyi və onların sayılmasının qeyri-mümkün olması haqqında (səh.59) yazır: "Bu gün yüzlərlə və minlərlə yaşayan dillər vardır. Bu dillər həm fonetik, həm lüğət, həm də quruluş baxımından bir-birindən əsaslı şəkildə fərqlənirlər. Canlı dillərlə yanaşı, ölmüş dillər də var. Əgər bu dilləri saymaq istəsən, onlar saysız-hesabsız olduqları üçün sayılması mümkün deyil. Dillər elmi ilə məşğul olan müasir tələbə bu dillərin kökünü və onlar arasında olan yaxınlığı tapa bilməz ".

İnsanların dilləri müxtəlif olduğu kimi, onların təfəkkürü, dünyagörüşü, həyat tərzi və cəmiyyətdə tutduğu mövqe də müxtəlifdir. Bəs bu müxtəliflik içində olan insan necə davranmalıdır ki, nə aciz, nə də kibirli görünməsin? Qurani-Kərimdə insanın bu müxtəliflik içində olmasının səbəbini və insanın necə davranmasını Hucurat surəsi, 13-cü ayədə Allahu-Təala belə buyurur: "Ey insanlar! Doğrusu biz sizi bir erkək və bir dişidən yaratdıq. Və bir-birinizlə tanış olmanız üçün sizi qövmlərə və qəbilələrə böldük. Mütləq olanı budur ki, Allah yanında ən dəyərli olanınız, Ondan ən çox qorxanınızdır. Şübhəsiz Allah biləndir, hər şeydən xəbərdardır".

Ayədən göründüyü kimi, Allahu-Təala insanları fərqli yaradıb, bir-birimizlə tanış olmağımız üçün bizi millətlərə böldü və insanlar arasında irqçilik, millətçilik, varlı-kasıb, dillərdə olan boğaz səslərinin və ya burun səslərinin çoxluğuna görə ayrı seçkilik etməyi şiddətli şəkildə qadağan etdi. Yuxarıda göstərilən sonuncu ayədən o da aydın görünür ki, Allahu-Təalanın insanların rənglərini, millətlərini, dillərini fərqli yaradıb, onları müxtəlif qəbilələrə bölünməsi Onun işarələrindən, dəlillərindəndir. Burada başqa bir məqam da var ki, mütləq qeyd olunmalıdır. Belə ki, insanların müxtəlif rənglərdə olması, fərqli dillərdə danışması Allahu-Təalanın insanlara böyük bir lütfüdür. Bir anlıq təsəvvür edilsə ki, dünyada olan bütün insanlar eyni boyda, eyni sifətdə, eyni rəngdə olsalar və eyni dildə danışsa idilər, insan bu yeknəsəqliyin içində necə yaşayardı?
Digər tərəfdən, insanların fərqli yaradılması bizlər üçün bir imtahandır. Yəni, insan bu müxtəliflik içində, Allahu-Təala bir-birini tanıması üçün yaratdığı halda, insan nə edir? Kibirlənərək "Mən ağ dəriliyəm, bu zəncidir, bununla mən necə eyni səviyyədə ola bilərəm", deyir? Və yaxud mən varlıyam, bu kasıbdır. “Bizim nə dostluğumuz ola bilər ki?” deyərək cəmiyyətin yoxsul təbəqəsindən özlərini fərqləndirirlər.

Hər kəsə aydındır ki, cəmiyyətlərin, millətlərin, xalqların ayaqlar altında qalmaması və inkişaf etmək ruhuna sahib olması üçün qəlblərində daima birlik duyğusuna sıx-sıx sarılmalıdırlar. Tarixdə bir millət əgər uzun ömürlü olubsa, təbii ki, ilk əvvəl Allahın inayəti ilə, sonra isə birlik hissinə sahib olduqlarına görə olub. Birlik hissindən məhrum olan cəmiyyətlər, millətlər, xalqlar əgər hətta adlarını tarix kitabına yazıblarsa da, ömürləri çox qısa olmuş və tez bir zamanda tarix səhnəsində çəkilmək məcburiyyətində qalmışlardır.

Bu baxımdan Allahu-Təala İslam vasitəsi ilə müsəlmanları birliyə çağırmış və onlara birliyin yollarını göstərmişdir. Qərb əgər son 20-30 ildə beynəlmiləlçilikdən dəm vurmağa başlayıbsa, Allahu-Təala 14 əsr bundan öncə İslamda irqçiliyi, millətçiliyi qadağan etmişdir. İslam irqindən, millətindən, dilindən asılı olmayaraq, hər kəsi müsəlman adı altında birləşdirərkən, Qərbdə hələ də Avropa irqindən olanlarla, qeyri-Avropalı irqdən olanlar kəskin şəkildə seçilirlər.

Avropanın Afrikanı müstəmləkə etməsinin səbəblərindən də biri kibirlənmək idi. XIX əsrin sonlarına doğru Afrikanın istilasını genişləndirmək planı üzərində düşünərkən, Darvin nəzəriyyəsini dayanaraq afrikalıların heyvandan insana keçid dövründə olduqlarını əsas gətirərək, avropalıların bu mərhələni başa vurduqları üçün, afrikalıların istilası ilə bu mərhələnin milyon illər içində deyil, qısa müddətdə baş verməsi üçün oranın tutulmasının tarixi qərar olduğunu söyləmişdilər

Qurani-Kərimin Hucurat surəsi, 13-cü ayəsində: "...Mütləq olanı budur ki, Allah yanında ən dəyərli olanınız, Ondan ən çox qorxanınızdır..." söyləməsi onu göstərir ki, insanların bir-birlərindən üstünlüyü irqlərinə, hansı coğrafi ərazidə yaşamasına, hansı dildə danışmasına, hansı vəzifə tutmasına və ya kasıb, varlı olmasına görə deyil.

İrqçilik sadəcə dünyanın inkişaf etmiş Qərb millətlərində deyil. Yəhudilər özlərini seçilmiş millət saydıqlarından, digər irqlərdən, millətlərdən və dinlərdən olanlar yəhudi dininə qəbul edilmir. Yəhudi qadınından doğulmayan uşaq yəhudi ola bilməz. Efiopiyada irqləri zənci olan, lakin özlərini yəhudi dinindən sayan bir çox insan var. İsraildəki ağdərili yəhudilər onları yəhudi hesab etmir, yəhudi dinindən saymırlar. Səbəb isə onların qara dərili olmasıdır.

Ateist fəlsəfəsindən fərqli olaraq, İslam insanları boş-boş tənqid etmir, onları səbəbi müəyyən olmayan işlərin görülməsinə də təhrik etmir. Əksinə insanlara həmin vəziyyətdən çıxış yolu göstərir, onları bu yola həvəsləndirir. Ateist fəlsəfəsi deyə bilmir ki, nəyə görə dünyanı idarə edən bir ağdərili qərbli ilə, Afrika cəngəlliklərində yaşayan qaradərili insan bərabərdir. Hər şeyi nəticə ilə ölçən ateizm, insanı sahib olduğu zənginliyə görə dəyərləndirərkən, İslam insana niyyətinə, səmimiyyətinə görə dəyər verir. Ateizmdə danışılan dil ilə, İslamda bir dil olan ibadət dili də kəskin şəkildə fərqlənirlər. Ateizimdə danışılan dil sadəcə "kapital toplamaq dili"-dirsə, İslamda namaz dili olan ərəb dili, bu dindən olan insanların birliyinə nail olmaq üçündür.

Müxtəlif millətlərdən olan müsəlmanlar öz dillərində dua edə bilərlər, lakin İslam birliyinə nail olmaq üçün namaz bir dildə qılınmalıdır. Namaz qılınarkən edilən hərəkətlərə baxıldıqda da açıq-aydın namazın insanların birliyi üçün tərtib edildiyini görmək mümkündür. İslamda olan namaz sadəcə bir şəxsin ibadəti deyil. İslam müsəlmanları namazı toplu şəkildə qılmağa təşviq edərək, bu dinin sosial-ictimai tərəfini də göstərir. Buna aid nümunəni öz həyatımdan vermək istərdim.

Yaşadığım şəhərdə dünyanın dörd bir tərəfindən olan, müxtəlif dillərdə danışan müsəlmanlarla namaz vaxtlarında məsciddə görüşərik. İrqlərimizin, millətlərimizin, dillərimiz fərqliliyinə baxmayaraq, bir sırada durub bir dildə namaz qılır, bitdikdə isə dostcasına bir-birimizə sarılırıq. Sonra isə kimin nə problemi varsa, başqaları ilə bölüşür, onun həlli yolları axtarılır.

Bir necə il öncə şəhər bələdiyyə başqanının İslamı qəbul etmiş həyat yoldaşı bəzən namaz qılmaq üçün məscidə gələr, namaz bitdikdən sonra isə müsəlmanların problemləri ilə maraqlanar, onları bələdiyyə başqanına çatdırardı. Aləmlərə rəhmət olaraq göndərilən Hz. Muhamməd (s.a.s.) dönəmində olduğu kimi. O (s.a.s) da namazdan sonra məsciddə olan insanların dərdləri ilə maraqlanar, onları həll etməyə çalışardı...

Beləliklə, namaz bir dil-ərəb dilində qılınaraq müxtəlif irqlərdən, millətlərdən olan müsəlmanların birliyinə nail olunmasına xidmət edir...