Sankt-Peterburqdakı azərbaycanlı qadınlar

<b> Sankt-Peterburqdakı azərbaycanlı qadınlar</b>
Oxunma sayı: 502

Rusiyada yaşayıram və ətrafımda çox sayda azərbaycanlı var. Gələnlərin hamısı bir parça çörək, firavan həyat dalınca gəlməsi faktdır. Amma istədiklərinə çatırlarmı? Bu sualın cavabı başqa bir yazının mövzusudur. Bu yazını isə Rusiyada, konkret Sankt-Peterburqda yaşayan azərbaycanlı qadınların həyatına həsr etmək istəyirəm.

Peterburqda azərbaycanlı qadınların sayı kifayət qədərdi və əksəriyyətinin də yaşam tərzi eynidir. Çətin tapılan kirayə mənzil, qeyri-qanuni yaşadıqları üçün polis xofu, hər addımda qorxu, təhqir…

Qadınlar üçün ilk maneə dildir. Rusiyaya gələnlərin böyük əksəriyyəti rayonlardan və kəndlərdən gəlir deyə, rus dilini bilmirlər. Kişilər saymağı, meyvə-tərəvəzlərin adlarını, gündəlik istifadə olunan bir neçə söz və ifadəni əzbərləməklə özlərini birtəhər vəziyyətdən çıxardırlar. Onların işləri kompakt olduğundan, əsasən Azərbaycan türkcəsində danışırlar və rus dilinə elə də ehtiyac duymurlar-bu qərara onlar özləri gəliblər. Belə deyək, hərə öz yaşadığı şəhərdə balaca bir Azərbaycan qurur.

Qadınların vəziyyəti isə daha qəlizdir. Başdan başlayaq.
Həkimə getmək lazımdır. Əgər qohum–qonşuda rus dili bilən bir azərbaycanlı varsa, yalvarıb onu özünlə aparırsan. Yox, elə tanıdıqlarının hamısı sən günlüdürsə, həkimin başa düşmədiyin, amma tonundan təhqir və söyüş olduğunu hiss etdiyin nitqini dinləməlisən və həkim də rus xəstələrə 15 dəqiqə vaxt ayıranda, səni 3 dəqiqəyə yola salır. Üstəlik də, ikiqat pulunu alır.

Uşaq olur. Doğum evində yenə dili bilmirsən və eyni halla qarşılaşırsan. Uşağı həkimə aparmaq, peyvənd etdirmək lazımdır. Eyni mənzərə. Uşaq bağçası, məktəb.

İllər keçib, sən Rusiyadasan, amma hələ də rus dilini bilmirsən və öyrənmək heç ağlının ucundan da keçmir. Ötən il bir müəllimə mənə bildirdi ki, rayon təhsil şöbəsi rus dilini bilməyən valideyinlər üçün, həftədə iki dəfə olmaqla, pulsuz kurs təşkil edib. Görürəm ki, sizinkilərin çoxu dili ya heç bilmir, ya da yalnız mağazadan nəsə almaq səviyyəsində bilir. Xahiş edirəm, məsləhət görün, gedib dili öyrənsinlər. Bizimçün də belə valideyinlərlə işləmək çətindir…

Tanıyıb-bildiyim hər kəsə dedim, heç kim də getmədi.Hərə bir bəhanə gətirdi. Ay nə bilim, uşağım körpədir vaxtım yoxdur, ərim qoymur. Birinin isə gətirdiyi arqument məni lap dəhşətə gətirdi: Mən, düşmənimin dilini öyrənmək istəmirəm!..

Gözlərimi heyrətdən geniş açdığımı görüb, məni bərk qınadı:

- Bəs sən bilmirsən? 20 yanvar, Xocalı faciəsini törədən ruslardır. Rus mənim düşmənimdir, onun dili də mənə düşməndir. Öyrənməyəcəm!

Bilmədim qəhqəhə çəkib gülüm, ya hönkürüb ağlayım.
Adam, sən Rusiyada yaşayırsan. Gündə ən azı iki dəfə, rus sənə dediyi sözü başa düşmədiyin üçün, atanı-ananı söyür, ərinin min bir zülmlə qazandığı pulu avamlığından istifadə edib rus əlindən alır, məktəbdə uşağın sənin anlaşılmayan dildə danışdığın üçün gülüş obyekti olur, sən də deyirsən, rus düşmənimdir. Rusun kim olduğunu, nələr etdiyini səndən pis bilmirəm, amma bunun dil öyrənməyə nə dəxli?

Bu il, Sankt Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanası üçün Azərbaycan türkcəsində, latın qrafikası ilə nəşr olunmuş 32 kitab hədiyyə etdim. Kitabların içərisində rusca-Azərbaycanca lüğət, bədii kitablar, Azərbaycan incəsənətinə, tarixinə və ədəbiyyatına həsr olunmuş əsərlər var idi. Bu günlərdə kitabxanaçıdan kitabların oxunub-oxunmamasını soruşdum.

- Lüğəti oxu zalına qoymuşuq. Dünən də Türkologiya kafedrasının aspirantı bir roman götürdü.
- Hansı romanı? Kim idi götürən?
- Şərif Ağayar, “Haramı”, Aşot adlı aspirant var,o götürüb.
Çox erməni tanıyıram ki, Türkologiyada təhsil alır və bəziləri də Osmanlı dövrü Türkiyə ədəbiyyatını oxumaq üçün, ərəb qrafikalı əlifbanı öyrənir.

İkinci hadisə:

Universitetin həyətində, təsadüfən, azərbaycanlı müəllimlə bir tələbənin mübahisəsinin şahidi oldum. Tələbə müəllimdən xahiş edirdi ki, ona mühazirələrdə oturmağa icazə versin, Azərbaycan dilini öyrənmək istəyir. Müəllimsə ciddi şəkildə etiraz edirdi.
Çox təəccüb etdim. Öyrənsin də, nəyi pisdir ki?
- O ermənidir, inanmıram ki, Azərbaycan dilini öyrənməkdə yaxşı bir niyyəti olsun.
- Mən onsuz da Azərbaycan dilini öyrənəcəm, sadəcə, sizi tanıdığım üçün köməyinizi istədim, - qız israr etdi.
Sonralar bu qızı tez-tez Orta Asiya və Qafqaz xalqları kafedrasında gördüm. Burada yaşayan azərbaycanlı qadınların 98% -i işləmir. Bəzilərinin hətta ali təhsili də var. Ancaq diplomları atası evində, sənədlər və şəkillər yığılan nimdaş çemodanın unudulmuş bir küncündə yatıb qalır. Ataları da lazımı yerdə, qızlarıma da ali təhsil vermişəm - deyib, fəxr edir. Kimə gərəkdir bu diplom? O diplom ki, sənin, ailənin və uşaqlarının həyatında bir önəm daşımır.

Qadınların işləməmələrinin bir səbəbi rus dilini bilməmələridirsə,ikinci səbəbi kişilərimizin yersiz mühafizəkarlığıdır: Ayıb deyilmi, mənim arvadım işləyə...
Qadının işləməsi ayıbdır, amma balalarının bir qarnı ac-bir qarnı tox yaşaması yox? Rus dili bilən qadınlarımız da var. Ancaq mən onların kitabxanaya getdiyini, Tolstoyu, Dostoyevskini demirəm, heç Darya Donsovanı, Tatyana Ustinovanı da oxuyan görmədim.

Yerdə qalan 2% -in bir qismi konsulluqda, diaspor cəmiyyətlərində , xəstəxanalarda həkim işləyir, yaxud da təhsil alırlar. Bəzi qadınlar isə kafelərdə, bazarlarda, yaxud da uşaq bağçalarında tərbiyəçi köməkçisi işləyir və ailə büdcəsinə öz yardımlarını edirlər. Üzümü mövcud problemlərə etinasız yanaşan Azərbaycan qadınına tutub demək istəyirəm ki, qadının işi, vəzifəsi öz evinin içi ilə məhdudlaşmamalıdır. Qadın düşünməlidir ki, o, cəmiyyətə də lazımdır və onun evə qapanması özünün və cəmiyyətin ziyanınadır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi