1180 manatlıq şərab və akula əti - Bakı restoranları

1180-manatliq-serab-ve-akula-eti-baki-restoranlari
Oxunma sayı: 1288

Adının çəkilməsinə, səsinin yazılmasına razı olmayan həmsöhbətimdən çay içə-içə bəzi məlumatları öyrəndim. Məlum oldu ki, akulanı sifariş vermək elə də çətin deyilmiş. Sadəcə, bazar ertəsi verilən sifariş cümə axşamına hazır olur.

ƏN BAHALI RESTORANIN MENYUSU: ANQUS ƏTİ, LEVREK, ÇUPRA BALIĞI, LİÇİ MEYVƏSİ

Onu da öyrəndim ki, ümumiyyətlə Bakıdakı məşhur restoranların əksəriyyəti daha çox xarici ölkələrdən gətirilən balıq, ət və ət məhsullarına üstünlük verirlər.

«Bizdə ən bahalı menyu anqus (Amerika öküzü) ətindən hazırlanmış steyklərdir. Amerikadan gətirilən bu ətin 1 kiloqramını 48 manata alırıq. Bir porsiya isə 30 manatadır.

Bundan başqa, Braziliya və Yeni Zelandiyadan gətirilən öküz ətləri də bizim restoranın menyusunda əsas yerlərdən birini tutur.

Bizim restoranda Türkiyədən gətirilmiş levrek, çupra, Norveçdən gətirilmiş salmon balıqlarından hazırlanmış yeməklər də üstünlük təşkil edir. Sonra Hindistandan da bizə liçi meyvəsi, Lüksemburqdan dəniz xərçəngi (krab) gətirilir».

1180 MANATLIQ ŞƏRAB

Stolumuzun üstündəki menyuya göz gəzdirirəm. Burda şüşəsi 300 manatdan tutmuş 1180 manat olan içkilər təklif edilir. Bir şüşə «Dom Perignon Rose» şərabı içmək istəyirsənsə, onda 1180 manatından keçməlisən. Restoran menecerinin dediyinə görə, elə ən çox pul aparan da içkilərdir.

ƏN BAHALI RESTORANLARIN MƏMUR MÜŞTƏRİLƏRİ

Həmsöhbətimin dediyinə görə, onların daimi müştəriləri əsasən Azərbaycan məmurlarıdır:

«Xarici ölkələrdən Bakıya gələnlər o qədər də çox pul xərcləməyə meylli deyillər. Bizə gələnlər və ən çox pul xərcləyənlər məmurlardır, nazirlər, nazir müavinləri. Mən adlar çəkmək istəmirəm.

«Eurovision» ərəfəsində ən varlı dövlət şirkətlərindən birinin prezidenti 16-17 nəfərlik yerli və xaricdən qonaqlarla bizim restoranda oturdu, 14 min manat hesab verdi. Məmurların bizim restorana gəlməsi adi haldır, demək olar ki, hər gün gəlirlər».

O da aydın oldu ki, xaricdən ət, balıq və meyvə heç də təsadüfü adamlar tərəfindən gətirilmir. Hər sahə bir məmur arasında bölünüb. Yəni, kiminsə özbaşına Hindistandan liçi meyvəsini gətirib restoranlara təklif etməsi mümkünsüz bir işdir.

Yarıya qədər qızıl suyuna çəkilmiş bu heykəlin bir cütü 38000 manatadır.

​​38 MİN MANATA ƏN ÇOX ALINAN SUVENİR

23 mərtəbəli binanın 1-ci mərtəbəsindəki restorandan çıxıb, Hökumət Evinin yaxınlığındakı suvenirlər satılan mağazaya baş çəkdim. 60 manatdan ucuz suvenir tapa bilmədim.

Ay üzərində oturmuş idmançı qızla oğlan suveniri diqqətimi çəkdi. İtaliyada hazırlanmış əl işi olan bu suvenirin qiyməti 2360 manat idi. Satıcı «almaq istəsəniz, 10 faiz güzəşt edərik» desə də, mən suvenirdən uzaqlaşıb çiynində güldan tutan bürüncdən hazırlanmış qız heykəlinə yaxınlaşdım. Yarıya qədər qızıl suyuna çəkilmiş bu heykəlin bir cütü 38 min manatadır. Satıcının dediyinə görə, baha olmasına baxmayaraq, onlarda ən çox satılan elə həmin suvenirdir, özü də elə cüt-cüt alınır, evlərdə, villalarda quraşdırılır.

«BAHALI RESTORANLARA HEÇ AYAĞIM DƏYMƏYİB»

​​Səməd Vurğun parkında tərəzi və lotereya biletləri satmaqla günə 10-15 manatı güclə qazandığını deyən Vahid Məmmədov ömründə bahalı restoranlara heç bircə dəfə belə ayaq basmayıb.

Ayda, ildə bir iki dəfə kafelərə yolu düşdüyünü deyən Zahid Qəribov isə hər dəfə 5-6 manat çox xərci çıxmayan kafelərə üstünlük verir.

«RESTORANIN OLMASI NORMALDIR, MÜŞTƏRİLƏRİNİN MƏMUR OLMASI İSƏ...»

İqtisadçı Məhəmməd Talıblı istənilən ölkədə bahalı restoranların, mağazaların olmasını normal hal sayır. Amma o, hesab edir ki, həmin məkanların daimi müştərilərinin nazirlər, məmurlar olması mənfi tendensiyadır. İqtisadçıya görə, aylıq maaşı 2 min manata yaxın olan məmurun bir dəfəyə 2-3 min manat hesab verməsi xərclənən pulların korrupsiya yolu ilə əldə olunmasından xəbər verir:

«Belə bir aforizm var, deyir «sizin pulu necə xərcləməyiniz onu necə qazandığınızı göstərir»».

Məhəmməd Talıblı Bakıda bahalı yerlərə məmur axınını həm də tərəflər arasındakı işbirliyində görür. O, hakimiyyətdə himayəsi olmadan kiminsə ən bahalı restoranları işlətməsini müşkül məsələ sayır. Deyir, əslində küllü miqdarda pul xərcləyən məmur o pulları hara xərclədiyini çox yaxşı bilir./Azadliqradiosu/