16 ilin qisası alındı

16-ilin-qisasi-alindi
Oxunma sayı: 647

Polşa və Ukraynada keçirilən futbol üzrə Avropa Çempionatında 7 iştirakçı qalıb.

“Qafqazinfo”nun verdiyi məlumata görə, Çexiyanı 1-0 hesabı ilə məğlub edərək ilk yarımfinalçı adını qazanan Portuqaliya yığmasından başqa daha 6 komanda 1/4 finalda mübarizə aparır.

Tarixində 6-cı dəfə Avropa Çempionatının final mərhələsində iştirak edən “qırmızı-yaşıllar” 4-cü dəfə ən güclü 4 yığma sırasına düşüb. “Avropa Braziliyası” 1996 və 2008-ci illərdə mübarizəni 1/4 finalda dayandırıb. 2004-cü ildə isə turnirə ev sahibliyi edən portuqallar yalnız finalda məğlub olub (Portuqaliya – Yunanıstan 0:1).

Paulu Bentunun yetirmələri Avropa Çempionatları tarixində 27 oyun keçirib ki, bunlardan 15-də qələbə qazanıb. 4 dəfə “sülh bağlayan” “seleço” 8 oyunda məğlubiyyətlə barışıb.

Avro 2012-də Portuqaliyaya məğlub olaraq mübarizəni 1/4 finalda dayandıran Çexiya yığması isə tarixində 5-ci dəfə AÇ-yə vəsiqə qazanıb. 2000 və 2004-cü illərdə qrup səddini aşa bilməyən çexlər 2004-cü ildə yarımfinala qədər irəliləyib. Portuqaliya kimi onlar da gələcək Avropa çempionuna – Yunanıstana minimal hesabla uduzub – 0:1. Çexiya yığmasının AÇ tarixində ən böyük uğuru isə 1996-cı ilə təsadüf edir. 16 il əvvəl çexlər yalnız finalda Almaniya yığmasına məğlub olmuşdu. Onu da qeyd edək ki, bu turnirin 1/4 final mərhələsində də Çexiya və Portuqaliya qarşılaşmış, Çexiya yeganə qolla qələbə qazanmışdı.

Ceyhun Əhmədov