300 milyon manat hara getdi?

300-milyon-manat-hara-getdi
Oxunma sayı: 806

Sakinlərin əksəriyyəti itirdikləri əmlaklara və təsərrüfatlarına dəymiş ziyana görə kompensasiyanı qismən və ya tamamilə almayıb.

Çərşənbə axşamı “Kür” vətəndaş cəmiyyətinin Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun ofisində keçirdiyi dəyirmi masada daşqın zonasındakı vəziyyət müzakirə olunub.

“Kür” qərargahının koordinatoru Oqtay Gülalıyev bildirib ki, bu gün 1 saylı inzibati-iqtisad məhkəməsində Tahir Əsədovanın sədrliyi ilə 5 zərərçəkmişin Nazirlər Kabineti, FHN, “Meliorasiya və su təsərrüfatı” ASC-yə qarşı iddiası üzrə üçüncü iclas keçirilib.

Əvvəlki iclaslardan fərqli olaraq, bugünki iclasda FHN nümayəndəsi iştirak edib.

Sabirabad və Saatlı rayonundan olan iddiaçılar onlara dəymiş ziyanın tamamilə ödənilməsini tələb edirlər.

Hakim iddiaçıların evlərinə baxış keçirilməsini qərara alaraq, iclası qeyri-müəyyən vaxta qədər təxirə salıb.

Gülalıyevin sözlərinə görə, “Kür” qərargahına hökuməti məhkəməyə vermək niyyətində olan daha 11 nəfərdən müraciət daxil olub.

O bildirib ki, “Kür” qərargahının dövlət büdcəsindən təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün ayrılmış vəsaitin istifadəsi haqqında sorğuya ətraflı cavab vermədiyi üçün “Meliorasiya və su təsərrüfatı” ASC-yə qarşı qaldırdığı iddia üzrə daha bir proses iyulun 25-nə təyin edilib.

Vəsaitin mənimsənildiyini hesab etmək üçün əsaslar var. Məsələn, yalnız Araz çayının suyunu köhnə qola yönəltmək üçün 10 mln. manat xərclənib.

Ayrılmış vəsaiti nəzərə alaraq, daşqın zonasında bir evin tikintisi 63 min manata başa gəlib (3205 evin tikintisi üçün 202,3 mln. manat ayrılıb). Lakin tikilmiş evlərin real dəyəri 17-18 min manatdan çox deyil.

Ümumilikdə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 300 mln. manat ayrılıb, bu vəsaitin bir hissəsi mənimsənilib.

Bu ehtimallara dövlətin zərərçəkmiş rayonlarda infrastrukturun inkişafı üçün kompensasiya ödənilməsi məqsədilə əlavə vəsait ayırması əsas verir. Belə ki, martda Nazirlər Kabineti hər 1 ha üçün 200 manat olmaqla təsərrüfat yerlərinin bərpasına 6 mln. manat ayırıb. Bundan başqa, mayda daşqından ziyan çəkmiş rayonların sosial-iqtisadi inkişafı üçün 2 mln. manat ayrılıb.

Turan agentliyinin direktoru Mehman Əliyev hökumətin 300 mln. manatın istifadəsi ilə bağlı hesabat verməsinə, görülmüş işlərin monitorinqinə, yerlərdə vətəndaşların fəallığının artırılmasına və icmaların birləşməsinə nail olmaq məqsədilə vətəndaş cəmiyyətinin səylərinin bundan sonra da davam etdirilməsi zərurətini qeyd edib.

Sabirabad rayonunun Xankeçən kənd sakini Şahbaz Hacıyev bildirib ki, bu yaşayış məntəqəsində indiyədək evlər bərpa olunmayıb, bir çox sakinlərə kompensasiya ödənilməyib.

Saatlı rayon Dəllər kənd sakini Lazım Ümidov artıq ilin ortası olduğuna və evlərin bərpası üçün heç bir şey edilmədiyinə, bu gedişlə qışa qədər sakinlərin mənzillə təmin edilməyəcəyinə diqqət çəkib.

Ümumilikdə 3205 ev tikilməlidir. FHN-in məlumatına görə, 2405 ev artıq tikilib, lakin vətəndaş cəmiyyəti fəalları hesab edirlər ki, əslində ən çox 1800-2000 ev tikilib.

Ümidov həmçinin daşqınının qarşısının alınması üçün yeni bəndlərin tikintisində də problemlər olduğunu qeyd edib. Bəzi yerlərdə bəndlər hələ tikilməyib.

Daşqın yerli biznesmenlər üçün də problem yaradıb. Saatlı rayonundan olan Feyruz Nuriyev kredi alaraq, kənd təsərrüfatı istehsalı ilə məşğul olurdu. Lakin daşqın onun əkinlərini məhv edib. İndi Nuriyevdən krediti qaytarmağı tələb edirlər, onun isə pulu yoxdur.

Tədbirdə iqtisadçılardan Sabit Bağırov, Qubad İbadoğlu, Məhəmməd Talıblı və digərləri çıxiş edərək problemin ictimailəşdirilmesi və həlli istiqamətində "Kür" Vətendaş Cəmiyyəti Qərargahının fəaliyyetini yüksək qiymətləndirərək vəsaitlerin xərclənməsi ilə bağlı iqtisadi qiymetləndirmələrin aparılmasının vacibliyini qeyd ediblər.