7 xallıq milli

7-xalliq-milli
Oxunma sayı: 902

Metro keçidlərini yarmarkaya çevirib avtobuslarda səyyar ticarət mərkəzləri yaradan bir milləti bu fonda həddindən artıq ucaltmış, qaradərili insanları alçaltmış olduğumun fərqinə vardım. Droqbası, Adeboyarı olan toplumlarla müqayisənin qüsurlu olduğunu anladım. Nə başınızı ağrıdım, keçim məni yazmağa vadar edən mətləbə. İki gün əvvəl yığmamız Qazaxıstan millisini yenərək 20 illik müstəqillik tarixində ilk dəfə 7 xal topladı. İnsanlarımız elə sevinirdilər sanki yığma AVRO-2012-yə bilet qazanmışdı.

Qardaşım, bacım, biz nəyə sevinirik? 20 ildir 2 ardıcıl qələbə qazana bilməyən yığmanın qələbəsinə? Hər sahədə mənasız “yarışmaya”, “müqayisəyə” sövq edildiyimiz Ermənistan yığması 14 xalla Avropa çempionatının qapısını hər an döyə bilər. Xaçiklərin Ukrayna və Polşaya yollanma şansları çox yüksəkdir. Ancaq nədənsə iqtidarın nəzarəti altında fəaliyyət göstərən KİV-lər susur. Xahiş edirəm, internetdə axtarıb Ermənistan yığmasının oyunlarını izləyin. Adamın matı-qutu quruyur. Kasıb, acından ölən ölkə kimi bizə sırıdığınız haylar insanı valeh edən oyun oynayırlar. Siyasət meydanında düşmənlərdən necə geri qalırıqsa futbol meydanlarında da o cürə “boy” göstəririk. Almaniyalı Berti Foqts kənara, portuqaliyalı Mourinyoda milliyə kömək əlini uzada bilməz. Bir zamanlar iraqlı despot Səddam Hüseyn İraq yığmasını Asiya çempionu etmək üçün milyonlarını göyə sovururdu. Çi fayda, heç bir nəticə ortada yox idi. Ancaq çox keçmədi Səddam devrildi və İraq Asiya çempionu oldu.

Neft şirkətinə rəhbərlik edən Rövnəq Abdullayevin milyonları belə kara gəlmir, gələ də bilməz. Ermənistan Futbol Federasiyasına işini bilən peşəkar bir kadr rəhbərlik edir. Neftçini, mühəndisi yalnız Azərbaycan hakimiyyəti futbola başbilən təyin edə bilər. Futbol ölkənin, millətin adıdır. Futbol meydançalarından tutmuş beynəlxalq təşkilatların hesabatlarına qədər bu ölkənin adını bədnam etmək haqqını sizə kim tanıyıb? 7 xalı güc bəla ilə yığan 11 nəfərlik “qalay əsgər”ə AFFA rəhbərliyi külli miqdarda qonorar verməyi planlaşdırır. Bəs o zaman kasıb Ermənistan yığmanın 11 nəfərlik “qızıl əsgər”ləri üçün nə etməlidi? Erməni xalqı sizinlə qürur duyur kəlməsi o futbolçular üçün böyük fəxr olar məncə. Manuçaryanı “Ayaks”da, Mikitaryanı “Şaxtyor”da forma geyinən erməni futbolçulara adekvat bir legioner tapmaqda acizik. Bizimkilər üçün pul mənbəyi kimi göz qamaşdıran “Xəzər-Lənkəran” daha ekzotikdir, nəinki Avropa. Milli komanda da forma geyinmək böyük şərəf və qürurdur. Bir zabit, bir əsgər üçün öz ordusunda xidmət etmək nə deməkdirsə bir futbolçu üçün də öz yığmasının şərəfini qorumaq o deməkdir. Əliyev iqidarının rəhbərlik etdiyi məmləkətdə hansısa bir sahənin şəffaf şəkildə inkişafına inanmaq insanın ağlında problemlərin olmasına dəlalət edir. İsa Qəmbərin təbirincə desək görməmiş hakimiyyət hər sahəyə qazanc mənbəyi kimi baxır. Qarnını düşünən məmurlar üçün neft dollarlar daha maraqlıdır, nəinki milli. AVRO-2012 “Avroviziya” deyil ki, puldan sıxıb ölkəmizdə keçirilməsinə nail olub büdcəni talasınlar. AVRO-2012 demokratik dünyanın bir parçasında təşkil olunan, alın tərinə ölkəsinin adını ucaltmaq istəyənlər üçün bir meydandır. Görün bunlar ölkəni nə vəziyyətə salıblar ki, atası gəncəli olan, “Dinamo” Moskvada forma geyinən Aleksandr Səmədov millinin formasını geyinmək haqda düşünür. Kiyev “Dinamo”sunun oyunçusu Aleksandr Əliyev milliyətini danır. Danışarkən ağızlarına çullu dovşan sığmayanlardan yalnız və yalnız bir ricam var. Hər sahədə Ermənistanı qabaqladığınızı şəstlə deyirsiniz. Lütfən, Ermənistanın yer aldığı qrupa baxdıqdan sonra sevindiyiniz 7 xallıq nəticəyə rəyinizi bildirin. Futbol müqayisə oluna bilməz deyə bir qanunmu var?

P.S. Neft, dollar adlı sancağa bərkidilmiş inkişaf, gözə kül üfürməkdir. Futbol da körpü, olimpiya kompleksi, diaqnostika mərkəzi deyil axı milyonları axıdıb rahatca lenti kəsəsən. Futbolu bədənində milli ruhu olan 11 nəfər oynayır. O milli ruh isə bizdə 18 ildir baltalanmaqdadır...