Oktyabrın 4-də Bakı Avrasiya Universitetinin akt zalında həmkarlar təşkilatının təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, universitetin rektoru, dosent Səyavuş Qasımov BAAU-nun professor-müəllim heyətini təbrik edib.
Rektor deyib ki, hər bir xalqın və dövlətin formalaşması və inkişafı, gələcəyinin güclü təməllər üzərində qurulması təhsil sistemində əldə edilmiş nailiyyətlərlə əhəmiyyətli dərəcədə bağlıdır.
İnsanların yetərli bilik və bacarıqlar əldə edərək cəmiyyətdə özünə yer tapmasında təhsil, xüsusilə də ali təhsil ən mühüm vasitələrdən biridir. Ali təhsil formalaşmış insan kapitalını cəmiyyətə təqdim edərək, insanların əldə etdiyi gəlir səviyyəsini yüksəldir. Bu da cəmiyyətin rifah halını təmin edir. Məhz ali təhsilin cəmiyyətə və fərdlərə qazandırdığı bu faydalar səbəbindəndir ki, dünyada ona tələb sürətlə artmaqda davam edir. Ölkəmizdə də bu sahədə Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu təhsil islahatları davam etdirilməkdədir.
S.Qasımov sonra bildirib ki, BAAU-da da bu istiqamətdə ciddi işlər görülməkdədir. Belə ki, biz verdiyimiz təhsilin cəmiyyətdə önə çıxan əsas töhfəsini onun daha yaxşı məşğulluq imkanları təmin etməsində görürük.
Daha sonra professor-müəllim heyətinin üzərinə düşən vəzifələrdən danışan rektor tədris prosesində müasir yanaşmalardan istifadə edilməsinin vacibliyini vurğulayıb. O, tələbələrin ali təhsil dövründə sosial həyata uğurlu adaptasiyasında, cəmiyyətə töhfə verən bilik və bacarıqlar əldə etməsində müəllimlərin əvəzsiz rolundan danışıb.
Tədbirdə universitetin elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova, Tədris departamentinin müdiri Natella Quliyeva, BAAU-nun həmkarlar təşkilatının sədri Şəfayət Əliyev, Regionşünaslıq və İqtisadiyyat fakultəsinin dekanı, dosent Mütəllim Rəhimov, Filologiya fakultəsinin dekanı, dosent Salman Süleymanov, Türk dili və nəzəri dilçilik kafedrasının müdiri, dosent Zəminə Rüstəmbəyli çıxış edərək təbriklərini çatdırıblar. Onlar eyni zamanda müəllim peşəsinin daşıdığı məsuliyyət, cəmiyyət və dövlətin inkişafında oynadığı roldan danışıblar. Bu sahədə BAAU-da yerinə yetirilən işlər barədə məlumat veriblər.
Sonda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə iştirakçılara hədiyyələr təqdim olunub.