Bakı Avrasiya Universitetində “Qarabağ həftəsi” çərçivəsində 15 aprel 2024-cü il tarixindən başlayaraq bir həftə müddətində tədbirlər planı fəaliyyətə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, tədbirlər planının ilk gününə uyğun olaraq “Qarabağ Azərbaycandır!” adlı Respublika tələbə konfransı keçirilib.
Konfransa Bakı Avrasiya Universitetinin (bakalavriat və magistratura) tələbələri ilə yanaşı Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən ümumilikdə 40-a yaxın məruzəçi qatılıb. Konfransın proqramına uyğun olaraq, “Xarıbülbül” , “Xocalı” , “Dəmir yumruq” və “Xankəndi” adlı salonlarda bölmə iclasları təşkil olunub, məruzəçi tələbələrə sertifikatlar təqdim edilib.
“Qarabağ həftəsi”nin ikinci günündə Bakı Avrasiya Universitetinin Karyera və təcrübə mərkəzi, Tələbə Gənclər Təşkilatının təşəbbüsü, həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə tələbələrin əl işlərindən ibarət sərgi keçirilib. Sərgidə milli ornamentləri özündə əks etdirən rəsm əsərləri, taxtadan oyma əl işləri, milli geyimlər və s. təqdim edilib. Sərginin yekunu Tərcümə kafedrasının tələbələrinin hazırladığı “Qarabağ bizimdir!” adlı tədbirlə sonlanıb.
“Qarabağ həftəsi”nin növbəti günlərində Bakı Avrasiya Universitetinin tələbələrinin hazırladıqları təqdimat və videoçarxlar göstəriləcək, film nümayişi baş tutacaq.
“Qarabağ həftəsi”nə 19 aprel 2024-cü il tarixində “Qarabağın ürəyi Xankəndidə döyünür” adlı esse mübabiqəsi ilə yekun vurulacaq.