İyunun 14-15-də Qazaxıstan Milli Qızlar Pedaqoji Universitetində 10-cu Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Niğde Ömər Halisdemir Universiteti, Qazaxıstan Milli Qızlar Pedaqoji Universiteti və Bakı Avrasiya Universitetinin (BAAU) təşkilatçılığı ilə keçirilən simpozium türkləri bir araya gətirən hər il təşkil olunan genişmiqyaslı tədbirdir.
Simpoziumun məqsədi türkdilli ölkələr arasında əməkdaşlığı gücləndirməkdir.
Bakı Avrasiya Universitetinin prorektoru, professor Gülzar İbrahimova simpoziumun əhəmiyyətinə toxunaraq qeyd edib ki, müasir dünyada türklərin öz dəyərlərini qoruması və inkişafı birlikdən keçir. Ona görə də hər bir ziyalı bu prosesə öz dəstəyini verməlidir. Hər bir türk dövlətinin uğurunu bütün türk dünyasının uğuru hesab etdiyini bildirən G.İbrahimova son zamanlar görülən əhəmiyətli işlərdən də bəhs edib.
İki gün davam edən simpoziumda elmin müxtəlif sahələrinə həsr olunmuş sessiyalar keçirilib.
Simpoziumda iştirak edən festivalın bütün təşkilatçılarına və iştirakçılarına təşəkkürnamələr və sertifikatlar təqdim edilib, üç ölkənin ali məktəblərinin rəhbərləri əməkdaşlıq əlaməti olaraq xatirə hədiyyələri təqdim ediblər.
Bundan əlavə, simpoziumun qonaqlarını Qazaxıstanın mədəni-tarixi yerləri ilə tanış etmək məqsədilə Almatı vilayətinin müxtəlif tarixi və görməli bölgələrinə səyahət təşkil olunub.
Bağlanış mərasimində simpoziumun builki qətnaməsi təsdiq edilib. Qətnamədə 11-ci Türk Dünyası Araşdırmalar Simpoziumunun 13-15 iyun 2024-cü il tarixlərində Bakı Avrasiya Universitetində keçiriləcəyi elan edilib. Bundan başqa qətnamədə qarşıdakı bir il ərzində görüləcək işlər də yer alıb.
Simpozium çərçivəsində təqdim edilmiş elmi məqalələrdən ibarət toplu nəşr olunacaq.
Son xəbərlər
Son Xəbərlər