Badamdar qəsəbəsi, 4-cü Bağlar küçəsi, II massivdə yaşayan sakinlər su problemləri ilə bağlı “Qafqazinfo”ya müraciət ediblər. Onlar bildirir ki, aprel ayından etibarən ərazidə gün ərzində 1-2 saat su verilir: “Həmin su da zəif təzyiqdə olur. Bütün evlər maşınla su almağa məcbur qalıb. 1 maşın su da 50 manat edir ki, bu da ayda 200 manat məsrəf deməkdir. Camaatın imkanı yoxdur. Yayın günündə susuz qalmışıq. Müraciət etmədiyimiz ünvan qalmayıb. “Azərsu” deyir ki, yeni xətt çəkilir. Problemlər ona görədir. Biz əvvəlki köhnə xətlə bizə verilən təzyiqin bərpa edilməsini istəyirik”.
“Qafqazinfo” sakinlərin şikayəti ilə bağlı “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlayıb. A. Cəbrayıllı Badamdarda su ilə bağlı yaşanan problemlərdən xəbərdar olduğunu vurğulayıb: “Həmin ərazidə “Azərsu”nun mərkəzləşmiş su şəbəkəsi yoxdur. Sakinlər vaxtilə özlərinə su xətləri çəkiblər. Bu xətlər də kiçik diametrlidir. İndi həmin xətlər köhnəlib. Ona görə də su bəzi yerlərə az, bəzi evlərə normasında gedir.
Biz ötən ildən etibarən Badamdarda mərkəzləşmiş su sistemini qurmaq üçün layihəyə başlamışıq. Hazırda orada işlər gedir. Bu ilin sonlarında yeni xəttin istifadəyə verilməsi gözlənilir. Ancaq ərazidə olan problemi diqqət mərkəzində saxlayırıq”.
Suyu maşınla almaq məsələsinə gəlincə isə, A. Cəbrayıllı qeyd edib ki, mərkəzləşmiş sistem olmayan yerlərdə əhali suyu alır: “Bu gün Bakının elə kəndləri var ki orada da su şəbəkəsi yoxdur. Ona görə də sakinlər maşınla su alırlar”.
Son xəbərlər
Son Xəbərlər