AFFA-dan “Bakı” və “Neftçi”yə şok cəza

affa-dan-baki-ve-neftciye-sok-ceza
Oxunma sayı: 648

AFFA-nın İntizam Komitəsi 15 yaşadək futbolçular arasında keçirilən Azərbaycan çempionatının final matçında Bakı-Neftçi qarşılaşmasından sonra hər iki klub nümayəndələri arasında baş vermiş kütləvi insidentlə bəzi qərarları qəbul edib:

“Qafqazinfo”nun AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, kütləvi dava-dalaşda iştirak etdiyinə görə «Bakı» FK-nın vitse-prezidenti Yaşar Seyidovun Premyer Liqa, əvəzedicilər, I divizion, U-11, U-13, U-15, U-16 və U-17 liqalarında keçirilən 12 rəsmi oyunda stadiona girişi qadağan olunsun və klub 6000 manat məbləğində cərimə olunsun. Bu cəza hər bir yarışa ayrı-ayrılıqda 12 oyun olaraq müəyyən edilib.

«Neftçi» PFK-nın icraçı-direktoru Mübariz Xudiyevin Premyer Liqa, əvəzedicilər, I divizion, U-11, U-13, U-15, U-16 və U-17 liqalarının hər birində keçirilən 10 rəsmi oyunda stadiona girişi qadağan olunsun və klub 6000 manat məbləğində cərimə olunsun. Bu cəza hər bir yarışa ayrı-ayrılıqda 10 oyun olaraq müəyyən edilib.
Həmçinin «Bakı» FK-nın qapıçılar üzrə məşqçisi Muammer Zekir aqressiv hərəkətlərinə görə 20 oyunluq kənarlaşdırılır. «Neftçi» PFK-nın məşqçisi Arif Abbasov aqressiv hərəkətlərinə görə 20 oyunluq kənarlaşdırılır.

«Bakı» FK-nın futbolçuları Elçin Tağıyev, Mahir Mədətov və Renat Ağaverdiyev kütləvi dava-dalaşda aktiv iştirak etdiklərinə görə növbəti mövsümdə keçiriləcək müvafiq yaş qrupunda olan yarışlardan 6 oyunluq kənarlaşdırılır. «Neftçi» PFK-nın futbolçuları Zeynal Zeynalov, Teymur Kamal və Emil Həsənzadə kütləvi dava-dalaşda aktiv iştirak etdiklərinə görə növbəti mövsümdə keçiriləcək müvafiq yaş qrupunda olan yarışlardan 6 oyunluq kənarlaşdırılır.

«Neftçi» PFK «Kapital Bank U-15 Liqa»nın qalibi üçün nəzərdə tutulan ölkə xaricində təlim-məşq toplanışına göndərilmək və qiymətli mükafatlar almaq hüququndan məhrum edilsin. «Bakı» FK «Kapital Bank U-15 Liqa»nın ikinci yerinin sahibi üçün nəzərdə tutulan qiymətli mükafatlar almaq hüququndan məhrum edilsin.
«Neftçi» PFK və «Bakı» FK-nın U-15 komandasının kütləvi dava-dalaşda iştirak edən üzvlərinin milliyə çağırılmasına qeyri-müəyyən müddətə qadağa qoyulsun. Müvafiq yaş qrupları üzrə yığma komandaların baş məşqçilərinin təqdimatına əsasən bu məsələyə yenidən baxıla bilər.

«Neftçi» PFK və «Bakı» FK-nın rəhbərləri komanda üzvləri arasında etik qaydalara riayət olunması, rəqib komandanın üzvlərinə və rəsmi heyətinə hörmətlə davranması ilə bağlı müvafiq iş apararaq bu barədə AFFA-ya məlumat versinlər.