Bağlanan bankın müştərilərinin diqqətinə - Əmanətlərinizi bu bankdan alacaqsız

baglanan-bankin-musterilerinin-diqqetine
Oxunma sayı: 5056

Bank of Azerbaijan”ın əmanətçiləri öz əmanətlərini “Muğanbank” vasitəsilə alacaq.

"Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Muğanbank"ın Müşahidə Şurasının üzvü Şaiq Ələkbərov deyib. O bildirib ki, əmanətçilər iş günü ərzində banka yaxınlaşıb qorunan əmanətlərini ala bilərlər:

“Həftənin birinci günündən müştərilər bankın istənilən filialına yaxınlaşsınlar”.

Şaiq Ələkbərov həmçinin qeyd edib ki, digər bağlanmış 5 bankın əmanətlərini də müştərilərə qaytara bilərlər:

"Bu barədə Əmanətlərin Sığortalanması Fonduna təkliflərimizi vermişik. Bizim belə təcrübəmiz var, 2012-ci ildə "Royalbank"  bağlanan zaman əmanətlər bizim bank tərəfindən qaytarılmışdı".

***

Əmanətlərin Sığortalanması Fondunun direktoru Azad Cavadov bildirib ki, "Bank of Azerbaijan"ın 24 milyon kompensasiya olunan əmanəti var:

"7342 nəfərin qorunan əmanəti var, 6599 nəfərin isə kompensasiya olunan əmanəti var. Sabahdan etibarən əmanəti kompensasiya olunan əmanətçilər əmanətlərini "Muğanbank"dan və Naxçıvanda olan müştərilər isə "Rabitəbank"dan ala bilərlər. Digər beş banka gəlincə, məhkəmənin qərarı olarsa, Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətlər bir həftə ərzində müştərilərə veriləcək. "Bank of Azerbaijan"da 2 milyon dollar, 100 min avro əmanət var, qalanları isə manatladır".

Fondun direktoru əmanətlərin hansı valyutada qaytarılmasına da aydınlıq gətirib:

“Əmanətçinin vəsaiti dollarladırsa, əmanət dollarla qaytarılır. Bir neçə valyutada olan əmanət varsa, o manatla qaytarılacaq. Dollar vəsaiti olan əmanətçinin vəsaiti Mərkəzi Bankın yanvarın 22-də açıqladığı rəsmi məzənnə əsasında 30 min manatı aşmamaqla kompensasiya olunacaq”.

Direktor Fondun vəsaitlərini də açıqlayıb:

“Fondun hazırda 132 milyon manat vəsaiti var.  Bu məbləğin yarısından azı sərf etməklə kompensasiya məbləğləri ödəniləcək. Yeni qanunda isə Mərkəzi Bank tərəfindən çatışmayan vəsait kredit şəklində fonda verilir. Hesab edirəm ki, 80 faiz əmanətçi ilk birinci ayda əmanətlərini ala biləcəklər”.

 Azad Cavadov “Bank of Azerbaijan”da fiziki şəxslərin əmanətlərindən də danışıb:

“Təkcə 8 nəfərin əmanəti ümumilikdə 80 milyon manatdır. Bunlar qorunmayan əmanətlərdir. 6599 əmanətçidən 5800 nəfəri tam kompensasiya alacaq. 600 nəfər isə kompensasiyanın bir hissəsini alacaq. Ümumilikdə isə 6 bank üçün 68 milyon manat kompensasiya tələb olunur. Ancaq qiymətləndirmə zamanı məbləğlər dəyişə bilər”.

Günel Türksoy