Bağlanan bankların əmanətçilərinə qaytarılan məbləğ açıqlandı

baglanan-banklarin-emanetcilerine-qaytarilan-mebleg-aciqlandi
Oxunma sayı: 1055

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Atabank” ASC, “Amrahbank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-nin 17,9 min əmanətçisinə qorunan əmanətlər üzrə avqustun 6-na “Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə 402,3 milyon manat kompensasiya ödəyib.

ADIF-dən “Qafqazinfo”ya verilən məlumata görə, “AtaBank” ASC-nin 7,6 min əmanətçisinə 170,8 milyon manat, “Amrahbank” ASC-nin 5,1 min əmanətçisinə 121,7 milyon manat kompensasiya ödənilib. Qeyd edilən banklar üzrə kompensasiyaların ödənilməsinə iyunun 1-dən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pulköçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

“AG Bank” ASC-nin 2,3 min əmanətçisinə 29,8 milyon manat, “NBC Bank” ASC-nin 2,9 min əmanətçisinə 80 milyon manat kompensasiya ödənilib. Adıçəkilən banklar üzrə kompensasiyaların ödənilməsinə iyunun 16-dan başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edəcək.

Həmçinin “AtaBank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-də təshih tədbirlərinin tətbiq edildiyi müddət ərzində qəbul edilmiş əmanətlərin ödənişi qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq şərhinə uyğun olaraq həll ediləcək.