Bağlanmış 4 bank üzrə 181,4 milyon manat kompensasiya ödənilib

baglanmis-4-bank-uzre-1814-milyon-manat-kompensasiya-odenilib
Oxunma sayı: 1905

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Ata Bank” ASC, “Amrah Bank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-nin 11,3 min əmanətçisinə qorunan əmanətlər üzrə iyulun 6-na “Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə 181,4 milyon manat kompensasiya ödəyib.

ADIF-dən "Qafqazinfo"ya verilən məlumata görə, ləğv prosesində olan “Ata Bank” ASC və “Amrah Bank” ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə iyunun 1-dən başlanılıb, kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pulköçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

Ləğv prosesində olan “AG Bank” ASC və “NBC Bank” ASC- nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə iyunun 16-dan başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.