Akademik saxtakarlıq

<b>Akademik saxtakarlıq </b>
Oxunma sayı: 315

Səkkiz il əvvəl ali məktəbi bitirəndə, müəllimlərindən birinin dəstəyilə indi çalışdığı elmi-tədqiqat institutunda işə düzəlib. Savadlı və məsuliyyətli adam olduğu üçün qısa müddət ərzində məşğul olduğu sahəyə aid çoxlu faktlar, yeni məlumatlar toplayıb. İlk məqaləsi iş yoldaşları tərəfindən maraqla qarşılanıb. Ona məsləhət görüblər ki, həmin məqaləyə şöbə müdirinin də imzasını qoysun. Böyük-kiçik yeri bilən adam olduğu üçün yaşlı həmkarlarının bu məsləhətinə əməl edib.

Həmin məqaləni yazdığı üçün indi çox peşmandır. Hadisə belə olub. Min bir əziyyətlə araya-ərsəyə gətirdiyi məqaləni şöbə müdirinə göstərərək, hər ikisinin imzası ilə çap olunmasını xahiş edib. Şöbə müdiri məqalə ilə tanış olanda qarşısındakı gəncin istadadına heyran qalıb. Ona təklif edib ki, yazıya direktor müavininin də imzasını əlavə etsinlər və çap olunması üçün Elmi Şuranın razılığını alsınlar. Etiraz etməyib. Şöbə müdiri direktor müavininin yanına gedib, o isə öz otağına qayıdıb.

Məqalə direktor müavininin də xoşuna gəlib. Amma təklif edib ki, lap əvvəldə institutun direktorunun imzası olsun. Şöbə müdiri bu xəbəri ona çatdıranda, uşaq kimi sevinib. Fikirləşib ki, eyni məqalənin altında direktorla yanaşı onun da imzasının olması qarşısında “yaşıl işıq” yandıracaq.

Beləliklə, məqalə dörd nəfərin imzası ilə redaksiyaya göndərilib. Sıralamada əvvəlcə dirtektorun, sonra müavinin, üçüncü yerdə şöbə müdirinin, lap axırda isə onun öz adı yer alıb. Amma redaksiya məqaləni dörd nəfərin imzası ilə çap etməkdən imtina edib. Xeyli götür-qoy edəndən iki tanınmış professorun və bir elmlər namizədinin adının yanında heç bir dərəcəsi olmayan kiçik elmi işçinin imzasının getməsini məqbul saymayıblar. Redaktor belə qərara gəlib ki, dördüncü müəllifin adı çıxarılsın. Buna görə də məqalə jurnalda dərc olunanda tanışım nə qədər çalışsa da, öz adını imzaların içində tapa bilməyib...

Bu hadisə onun elmə olan marağını tamamilə öldürüb. İki il əli heç nəyə yatmayıb. Nəhayət, iş yoldaşlarının təkidi ilə namizədlik dissertasiyasını yazmağa başlayıb. Namizədlik işi də ona uğur gətirməyib. Ortaya fundamental bir əsər qoysa da, müdafiə edə bilməyib. İşlədiyi şöbənin müdiri yaşının ötdüyünü, qısa müddət ərzində doktorluq işini müdafiə etməyəcəyi təqdirdə işdən çıxarılacağını deyərək, ondan yardım istəyib. Bu cür söhbətlər düz bir ay təkrarlanandan sonra namizədlik işini şöbə müdirinə verməyə razılaşıb. Şöbə müdiri onun namizədlik işinə bir fəsil əlavə edərək, altı ay sonra elmlər doktoru olub.

Doktorluq işini müdafiə etməsi şöbə müdirinin karyerasında tramplin rolunu oynayıb. Cəmi beş-altı ay sonra həmin adamı direktor müavini təyin ediblər. Üç il müavin işləyən keçmiş şöbə müdiri bir müddət əvvəl direktor kürsüsünə əyləşib. Deyir ki, yeni direktor ilk gündən köhnə işçilərlə sərt davranır. O, hər iclasda eyni sözləri təkrarlayır: “Elmdə uğur qazana bilməyən adamlara bizim institutda yer yoxdur!”.

Maraqlısı odur ki, direktor hər dəfə bu sözlərə deyəndə, ancaq mənim tanışımın üzünə baxır...


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi