Akademik yaltaqlıq

akademik-yaltaqliq
Oxunma sayı: 709

Xalq şairi Qabil Şəhidlər Xiyabanında prezidentdən unitaz istəmişdi. Rəhmətlik Qabil müəllimin bu hərəkəti o vaxt müxalifət mətbuatında ciddi tənqid olunmuşdu. Aradan 10 ildən artıq zaman keçməsinə baxmayaraq, Azərbaycanın tanınmış ziyalılarından söhbət düşəndə, müstəqil yazarlar dərhal həmin hadisəni xatırlayırlar. Çünki Azərbaycan ziyalısının mahiyyətini açmaq üçün bundan gözəl nümunə ola bilməz.

Titulu bir at arabasına sığmayan ziyalılarımızın böyük əksəriyyəti məişət qayğıları ilə yaşayır. Bu adamların həyatda yeganə amalı övladlarına ev almaq, yaxşı iş təşkil etmək, nəvə-nəticələrini ali məktəblərdə oxutmaqdır. Nəticədə onlar məişət qayğılarını həll edən hakimiyyətin sözçüsünə çevrilir, haqqın nazilməsinə, yalanın ayaq tutub yeriməsinə göz yumurlar. Bu mənada, şair Qabilin dövlət başçısından unitaz istəməsi məni heç vaxt təəccübləndirməyib. Nə olsun ki, həmin vaxt çadır şəhərciklərində məskunlaşmış bir milyon məcburi köçkünün nəinki unitazı, heç kənarları qamışdan hörülmüş tualeti də olmayıb...
Büdcə təşkilatlarında çalışan 65 yaşını ötmüş şəxslərlə bağlı məsələ Milli Məclisdə müzakirə olunanda deputat Hadı Rəcəbli maraqlı bir fikir səsləndirdi: "Azərbaycanda insanlar əvvəlcə övladları, sonra isə nəvələri üçün yayşayırlar". Əlbəttə, hansısa yaşlı adamın öz nəvə-nəticəsinin qeydinə qalması, onların yaxşı yaşaması üçün səy göstərməsi müsbət haldır. Amma bu, başqalarının nəvə-nəticələrinin hüquqlarının pozulmasına, onların ac qalmasına gətirib çıxarmamalıdır. Milli Elmlər Akademiyasında çalışan dostum deyir ki, yaş senizi ilə bağlı məsələ müzakirə olunanda, yaşı səksəni ötmüş akademiklərdən biri belə deyib: "Dörd nəvəm var. Akademiyadan aldığım maaşı onların arasında bölürəm. Özüm isə təqaüdlə dolanıram".
Azərbaycan xalqının faciəsi bu fikrin altında gizlənib. İmkansızlıq üzündən küçələrdə dilənən, məktəbə özündən böyük qardaşlarının köhnə paltarları ilə gedən, qışda isti çəkməyə, yayda dondurmaya həsrət qalan uşaqların taleyi akademiklərimizi düşündürmür. Təəssüf ki, bu adamlar ancaq öz övladlarının, nəvə-nəticələrinin rifahı haqqında fikirləşirlər. Milli Elmlər Akademiyasında elə adamlar var ki, nəinki oğluna, hətta nəvəsinə də dövlətdən ev alıb. Bəs, mənim şəhid atası olan əmimin yataqxanada yaşayan nəvələrinə kim ev verəcək? Azərbaycan ziyalılarının böyük əksəriyyəti bu cür problemlərə biganə qaldıqları üçün xalqın arasında onların bir qara qəpiklik hörməti yoxdur.
Bu yaxınlarda "Toplum" jurnalında yazıçı Mehriban Vəzirin böyük ustad Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Cavanşirin həyatından bəhs edən bir məqaləsini oxudum. Ötən əsrin 30-cu illərinin əvvəllərində Mirzə İbrahimov Həmidə xanımdan xahiş edir ki, bolşeviklərin Qarabağdakı fəaliyyətindən bəhs edən kitab yazsın. O, bu barədə göstərişin Mircəfər Bağırovdan gəldiyini deyir. Yazılacaq kitab üçün böyük məbləğdə qonorar vəd olunur. İki il sonra kitab hazır olur. Rəhmətlik Mirzə İbrahimov Həmidə xanım Cavanşirin ona təqdim etdiyi əlyazmaları nəzərdən keçirəndə dəhşətə gəlir. Kitabda Mircəfər Bağırovun Qarabağdakı inqilabi fəaliyyətindən bəhs edən bir cümlə də yox idi. Mirzə İbrahimov Həmidə xanımdan xahiş edir ki, xatirələrində mütləq Mircəfər Bağırovun Qarabağdakı inqilabi fəaliyyətindən bəhs etsin. Qarabağın adlı-sanlı kişilərindən Əhməd bəy Cavanşirin qızı olan Həmidə xanım Mircəfəri yaxşı tanıyırdı. O, Sovet hökuməti qurulanda Mircəfər Bağırovun Qarabağda quldur dəstələrindən birinə başçılıq etdiyini bildiyi üçün vəd olunan imtiyazlara şirniklənib, yalan yazmır. Həmidə xanım Mircəfər Bağırovun sifarişini çatdıran Mirzə İbrahimova bircə cümləylə cavab verir: "Mən görmədiklərimi yaza bilmərəm".
Bu hadisədən sonra Həmidə xanım Cavanşirə və onun ailə üzvlərinə qarşı təzyiqlər başlayır. Həmidə xanımın mühəndis işləyən oğlu Müzəffər işdən çıxarılır, təzyiqlər, təqiblər daha da artır.
Mehriban Vəzir yazır: "Həmidə xanım hər axşam pəncərə qarşısında durub gözləyərmiş: görəsən, uşaqlar bu axşam evə salamat qayıdacaqlarmı? Amma heç bir qorxu onu yalan yazmağa məcbur edə bilmir. Ruhunda və zatında olan həqiqi aristokratlıq onun bütün duyğularına, hətta analıq instinktinə belə qalib gəlir. Şərlə döyüşə bilmirsə də, heç olmaya susur, şərə nəfəs vermir. Görmədiyinə şahidlik eləmir, keçmişə böhtan atmır, yalan yazmır".
Nə yaxşı ki, tarixdə bu cür parlaq nümunələr var. Nə yaxşı ki, tarix ev, maşın, şəxsi rifah naminə bütün hakimiyyətlərin qarşısında ikiqat əyilən buqələmunları deyil, şərəfini qorumaq üçün hətta övladlarının həyatını təhlükəyə atmaqdan belə çəkinməyən Həmidə xanım Cavanşir kimi qəhrəmanları yaşadır...

mia.az