Bakcell “Baku Crystal Hall”da binadaxili avadanlıqlar quraşdıracaq

bakcell-baku-crystal-hallda-binadaxili-avadanliqlar-qurasdiracaq
Oxunma sayı: 673

Bakcell-dən “Qafqazinfo”ya verilən məlumata görə, şirkətin Baş Texniki Direktoru Yiğit Berktaş bildirib ki, şəbəkə tutumu yüksək həcmlərdə zəng və SMS axınlarını dəstəkləmək və Eurovision-2012 mahnı müsabiqəsi zamanı ən sürətli və fasiləsiz mobil internet xidmətləri göstərmək imkanı verir: “Bakcell-in müasir şəbəkəsi vasitəsilə müştərilərimiz və rouminq xidmətindən istifadə edən Bakının qonaqları ən yüksək keyfiyyətli xidmətlərdən yararlanacaqlar. Yüksək keyfiyyətli mobil rabitə xidməti göstərmək məqsədilə Bakcell şirkəti hazırda Eurovision-2012 mahnı müsabiqəsinin keçiriləcəyi yerdə binadaxili mobil rabitə sistemini quraşdırmaqdadır. “Baku Crystal Hall” sarayında quraşdırılan bu sistemdən digər iki mobil operator da istifadə edə biləcək”.

Qeyd edək ki, plana uyğun olaraq hər üç operatorun 2G və 3G kanalları qoşulan zaman, sistem 31500 abunəçiyə mobil rabitə xidməti göstərməyə imkan verəcək. Bu isə “Baku Crystal Hall”da quraşdırılan oturacaq yerlərindən ikiqat çoxdur və bütün müştərilər və qonaqlar ən üstün əhatə və keyfiyyətdən yararlana biləcəklər.

Planlaşdırılmış mobil rabitə sistemi ehtiyata malik olacaq və canlı olaraq nəzarətdə saxlanacaq.

Bu layihə Türkiyənin ən iri stadionlarından biri olan 55000 nəfərlik “Türk Telekom Arena”da binadaxili baza stansiya layihəsini uğurla başa çatdıran Beteko-Komtel şirkəti tərəfindən həyata keçiriləcək.

Layihə üçün Bakcell şirkəti xüsusi istehsal edilmiş stadion antenalarından istifadə edəcək. Sertifikatlaşdırılmış antenalar Avstraliyada istehsal olunur və ilk dəfə bu cür antenalar Çində keçirilən Olimpiya oyunları zamanı “Qəfəs” adlı stadionda istifadə edilib.

Tədbir zamanı sistemin fasiləsiz işini təmin etmək məqsədilə Bakcell şirkətinin mütəxəssisləri daima növbə əsasında işləyəcəklər.

Nigar Məmmədli