Bakcell Qarabağ Dirçəliş Fondunun “Qızıl” İanə sertifikatı ilə təltif edildi

Bakcell Qarabağ Dirçəliş Fondunun “Qızıl” İanə sertifikatı ilə təltif edildi
Oxunma sayı: 1156

Bakcell şirkəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, regionun dayanıqlı iqtisadi inkişafı və rifahına, eyni zamanda ekoloji tarazlığının bərpa olunması istiqamətində aparılan işlərə dəstək verdiyi üçün Qarabağ Dirçəliş Fondu tərəfindən “Qızıl” İanə sertifikatı ilə təltif olunub.  

“Qızıl” İanə Sertifikatı Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev tərəfindən “Bakcell”in baş icraçı direktoru Rainer Rathgeberə təqdim edilib. Qeyd edək ki, Bakcell şirkəti Qarabağ Dirçəliş Fonduna 1.4 milyon manat məbləğində vəsait köçürüb. Bakcell şirkətinin də daxil olduğu “NEQSOL Holding”in tərkibində olan şirkətlər tərəfindən bu fonda ümumilikdə ianə edilmiş məbləğ 2 milyon AZN təşkil edib.

Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılmış Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Bakcell eyni zamanda işğaldan azad olunmuş ərazilərdə mobil rabitə şəbəkəsinin qurulmasını həyata keçirməklə Qarabağda bərpa işlərinə öz töhfəsini verir. Şirkətin baza stansiyaları artıq Şuşada və Cıdır düzündə, Cəbrayıl rayonunda, Hadrut qəsəbəsi də daxil olmaqla Xocavənddə quraşdırılıb. Bakcell Qarabağda şəbəkənin əhatə dairəsinin genişləndirilməsi və yüksək keyfiyyətli xidmətlərin təmin edilməsinə yönəlmiş genişmiqyaslı işlər aparır.

Bakcell özünün Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində müxtəlif sosial layihə və təşəbbüslərinin həyata keçirilməsini davam etdirəcək.