Maraqlıdır, bəs ölkəmizin ev sahibliyi etdiyi I Avropa Yay Oyunları başladığı andan etibarən iqtisadi baxımdan nə fayda verib və nəticəsi ölkə üçün necə olacaq?
"Qafqazinfo"nun musavat.com-a istinadən məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramov bu oyunların Azərbaycan üçün iqtisadi baxımdan rentabelli olduğunu bildirib. Ekspert ölkəmizə gələn turistlərin hər birinin Azərbaycan iqtisadiyyatına 2 min dollar xeyir verdiyini dedi: “Avropa Oyunları iqtisadi baxımdan faydalı təşəbbüsdür. Belə oyunların iqtisadi əhəmiyyətinin qiymətləndirilməsi zamanı cari gəlirlərin cari xərclərlə müqayisə edilməsi doğru deyil. Çünki Avropa Oyunlarının keçirilməsi praktiki olaraq Azərbaycan iqtisadiyyatına gəlirlərin əldə edilməsi baxımdan faydalıdır. Avropa Oyunlarının keçirildiyi bir neçə gündə bizim apardığımız monitorinqlər onu göstərir ki, bu oyunların cari faydalılığı ondan ibarətdir ki, ölkəyə gələn turistlərində sayında kəskin artımlar müşahidə edildi. Bakıya gələn turistlərin sayının artması həm xidmət sektoru da daxil olmaqla Azərbaycan iqtisadiyyatının turistlərin ölkədə olmasından faydalanmasına imkan verir. Beynəlxalq qiymətləndirmələrə görə, ölkəyə gələn hər bir turist həftə ərzində min dollar xərcləyirdisə, Avropa oyunları keçirilən müddətdə turistlər təxminən iki min dollar pul xərcləyir. Buda turizm sektorunun faydalanmasına imkan verir. Hotellər, fərqli xidmət sektorları-restoranlar, kafelər, çay evləri praktiki olaraq Avropa oyunlarının Azərbaycanda keçirilməsindən faydalanmaq imkanı əldə edib”.
V.Bayramov bildirdi ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi manata olan tələbin artmasına da səbəb olub: “Nəzərə alaq ki, ölkəyə gələn turistlər özü ilə Azərbaycana xarici valyuta gətirirlər. Bu da manata tələbin artmasına səbəb olur. Praktiki olaraq da xarici valyuta təklifi artır və manata isə tələbat yüksəlir. Bu da imkan verəcək ki, həmin müddətdə Mərkəzi Bank intervesiya xərclərini azaltsın. Bu manatın stabilliyi və manata olan tələbin artması baxımından olduqca vacibdir. Amma eyni zamanda Avropa oyunlarına həm də strateji aspektdən yanaşmaq lazımdır. Avropa Oyunlarına çəkilən vəsaitlərin 75 faizindən çoxu infrastruktur xərcləridir. Bu da o deməkdir ki, indi formalaşdırılan infrastruktur təbii ki, qalacaq. Növbəti oyunlar təşkil edilən zaman həmin infrastrukturdan istifadə etməklə Azərbaycan yenidən gəlir əldə etmək imkanına malik olacaq. Çünki Azərbaycan Avropa Oyunlarını təşkil etdikdən sonra Formula 1, İslam Həmrəylik Oyunları və eləcədə Avropa Futbol Çempionatının yarım final oyunlarını təşkil edəcək. Bu yay formalaşdırılmış infrastruktur imkan verəcək ki, Azərbaycan çox cüzi xərclərlə nəticələnən yarışlar təşkil etsin. Buna uyğun olaraq da yenidən həm turistlərin ölkəyə gəlməsi, həm də bütövlükdə xidmət sektoru daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrinin bu oyunların təşkilindən faydalanmasına imkan versin. Avropa Oyunları ilə bağlı canlı yayım aparan şirkətlərin sayının çox olması Avropa Oyunlarının bir daha faydalı olduğunu göstərən amillərdəndir. Mən o fikirlərlə razı deyiləm ki, Avropa oyunları iqtisadi baxımdan rentabelli deyil. Bizim qiymətləndirməmiz göstərir ki, cari və strateji faydalılıq nəzərə alınmaqla Avropa Oyunları Azərbaycan iqtisadiyyatı üçün rentabelli təşəbbüs kimi qiymətləndirilməlidir”.
Son xəbərlər
Son Xəbərlər