“Qafqazinfo” Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, Avropa Oyunları müddətində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarındakı ən məşhur əsərlər səhnəyə çıxarılacaq. Tamaşaların libretto mətnləri ingilis dilinə tərcümədə təqdim olunacaq. Proqram və afişalar Azərbaycan, rus və ingilis dillərində çap ediləcək. Qonaqlar “Leyli və Məcnun”, “Trubadur”, “Traviata” operalarına və “Yeddi gözəl”, “Min bir gecə” baletlərinə baxa biləcəklər.
Fərəc Qarayevin “Qobustan kölgələri” baleti iyunun 17-də Qobustanda açıq səma altında da nümayiş etdiriləcək.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rəhbəri, professor İsrafil İsrafilov bildirib ki, oyunlar müddətində kollektiv tam gücü ilə işləyəcək.
Azərbaycan Dövlət Musiqili Teatrı da birinci Avropa Oyunları ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb. Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevin məlumat verib ki, iyun ayında 15 tamaşanın 24 dəfə nümayiş olunması nəzərdə tutulur: “Təqribən 70 dövləti təmsil edən 400-dək qonaq teatrımızda dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasını izlədi. Qonaqlar çox böyük zövq aldıqlarını bildirdilər. Qeyd edim ki, bir sıra tamaşalarımız rus dilində də nümayiş olunacaq”.
Azərbaycan Dövlət Rus Dram Teatrının məlum tədbir müddətindəki repertuarı da zəngindir. “Karamazov qardaşları”, “Maskarad”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Yeddi gözəl”, “Yay gecəsində yuxu”, “Büllur sarayda” kimi əsərləri səhnəsinə çıxaracaq teatrda premyera tamaşası da nəzərdə tutulub. Teatrın direktoru Ədalət Hacıyevin sözlərinə görə, bu, “Şəhrizadla daha bir gecə” tamaşasıdır. Direktor digər tamaşaların ingilis dilində qaçan titrlər vasitəsilə nümayiş olunacağını deyib.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında qonaqlara dünya dramaturgiyasının ən məşhur nümunələri ilə yanaşı, Azərbaycan milli dramaturgiyasından “Müsyö Jordan və dərviş Məstəli şah”, “Pəri cadu”, “Şeyx Sənan” kimi sanballı səhnə əsərlər təqdim ediləcək.
Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə bildirib ki, teatrın yaradıcı heyəti klassik və müasir əsərlərin əsasında hazırlanmış tamaşalar təqdim edəcək.
Son xəbərlər
Son Xəbərlər