““Bakı-2015” Xocalını dünyaya tanıtmaq üçün fürsətdir”- - Yenilənib

baki-2015-xocalini-dunyaya-tanitmaq-ucun-fursetdir-
Oxunma sayı: 1076


“Qafqazinfo” xəbər verir ki, tədbiri açan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov bildirib ki, bugünkü tədbirdə biz Avropa Oyunları ilə bağlı ciddi qərarlar qəbul etməliyik: “Tədbirin baş tutmasına qısa vaxt qalmasına baxmayaraq Təşkilat Komitəsi işləri yekunlaşdırmaqdadır. Amma təəssüf ki, beynəlxalq aləmdə Azərbaycana qarşı qərəzli kampaniya aparırlar. Həmin beynəlxalq qurumların Azərbaycandakı havadarları da bu kampaniyaya dəstək verirlər. Bugünkü tədbirdə eyni zamanda Bakı-2015 Avropa Oyunlarına dəstək məqsədilə koalisiya yaradılacaq”.

İnsan hüquqları və maarifçilik İctimai Birliyinin sədri Rəfael Becanov qeyd edib ki, bu oyunlar ölkəmizin adının Avropanın idman tarixinə yazılması deməkdir: “Azərbaycan oyunlara təşkilatçılıq edərək bu oyunların ənənələrinin formalaşmasının bünövrəsini qoyacaq. Bu tədbir eyni zamanda Azərbaycan mədəniyyətinin, tarixinin təbliğ edilməsi üçün bir imkandır. Azərbaycan mətbəxinin təbliği ilə bağlı qərar qəbul edilib. Otellərdə qonaqlara səhər yeməyi olaraq Azərbaycan mətbəxi təqdim ediləcək.  Bu oyunlar eyni zamanda Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı hadisələri dünyaya tanıtmaq üçün fürsətdir”.

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev vurğulayıb ki, Azərbaycan yarışlara iki ay qalmış Avropanı qəbul etməyə tam hazırdır: “Bu oyunlara dünyada çox böyük maraq var. Ancaq təəssüflər olsun ki, qaragüruhçu dairələrin fəaliyyəti də özünü göstərdi.  Erməni lobbisinin ətrafında olan dairələr bu kampaniyaya başladılar. Ermənilər istəyər ki, onminlərlə başqa ölkənin vətəndaşları Azərbaycanın bugünkü inkişafını görsün?”

***

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, hər bir Azərbaycan vətəndaşı üçün bu tədbir önəmlidir: “Təşkilat komitəsi kifayət qədər yüksək işlər həyata keçirib. Bu oyunlar yüksək səviyyədə reallaşacaq. Biz Azərbaycan naminə birmənalı şəkildə vətəndaşlıq mövqeyini ortaya qoyacağıq”

 Millət vəkili Aqil Abbas qeyd edib ki, mediada yazırlar ki, Azərbaycan bu oyunlara 8 milyard pul xərcləyib: “Bu xəbərlərə həmişə istehza ilə baxıram. Bu pul nəyə xərclənibsə, bundan danışan yoxdur. Əgər Bakıda yol, idman sarayları tikilibsə, bunu gedəndə idmançılar aparmayacaq ki, bu xalqa qalacaq da.  Hansısa təşkilatlar yazır ki, bu oyunları boykot edəcəyik.”

“APA” Holdinqin prezident Vüsalə Mahirqızı hesab edir ki, hamılıqla beynəlxalq tədbirlərin üzərinə gedənlərə önəm verməməliyik: “Bunlar beynəlxalq mahiyyətli tədbirlərdir. Bu tədbirlərin siyasi sanksiya əhəmiyyəti yoxdur. Biz öz işimizi görsək,  həmin dairələrin səsi də batacaq”.

Millət vəkili Çingiz Qənizadə vurğulayıb ki,  hakimiyyətin hansı addım atmasından asılı olmayaraq müəyyən dairələr bunun üzərinə kölgə salmağa çalışırlar: “Bu oyunların keçirilməsi daha çox Azərbaycan dövlətinə lazımdır. Azərbaycanda insan azadlıqları, demokratiya var. İnternetə azad çıxış mövcuddur. Ölkədə ictimai asayiş yüksək səviyyədə qorunur. Bunlar dövlət olaraq Azərbaycanı tanıdacaq”

Günel Türksoy