Bakı Ali Neft Məktəbi (BANM) ilk Dayanıqlı İnkişaf Hesabatını ictimaiyyətə təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, BANM Azərbaycanda bu hesabatı hazırlamış ilk ali təhsil müəssisəsidir. Hesabatın təqdimetmə mərasimində SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, Azərbaycan İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov, EY şirkətinin İqlim Dəyişikliyi və Dayanıqlı İnkişaf xidmətləri üzrə Azərbaycan və Gürcüstandakı rəhbəri Günel Fərəcova, Azərbaycan Amerika Ticarət Palatası İctimai Birliyinin icraçı direktoru Natəvan Məmmədova və BANM-in professor-müəllim heyəti iştirak ediblər.
BANM-in rektoru Elmar Qasımov bildirib ki, hazırlanmış Dayanıqlı İnkişaf Hesabatının əsas məqsədi Ali Məktəbin iqtisadi, sosial və ekoloji sahələrdə fəaliyyətinin nəticələrini şəffaf bir şəkildə ictimaiyyətə açıqlamaqdır. Rektor qeyd edib ki, hesabatda Dayanıqlı İnkişaf Məqsədlərinin BANM-in strategiyasına inteqrasiya olunması, Ali Məktəbin Dayanıqlı İnkişafa qarşı yanaşması əks olunub və təhsil, tədqiqat, təşkilati və əməliyyat sahələrində BANM-in dayanıqlı inkişafı da yer alıb.
Elmar Qasımov vurğulayıb ki, Ali Məktəbin dayanıqlı inkişafa olan yanaşması mərkəzləşdirilmiş və məqsədyönlü şəkildə həyata keçirilib və bu prosesdə yalnız BANM-in tələbələri və əməkdaşları deyil, həmçinin Ali Məktəbin partnyorluq və əməkdaşlıq etdiyi qurumların iştirakı da təşviq edilib.
SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib ki, Bakı Ali Neft Məktəbi Azərbaycan Prezidenti İlham Əliyevin “neft kapitalının insan kapitalına çevrilməsi” strategiyasını artıq yeddi ildir ki, praktiki formada uğurla həyata keçirir.
Qeyd edək ki, Ali Məktəbin Dayanıqlı İnkişaf Hesabatı beynəlxalq Qlobal Hesabatlılıq Təşəbbüsünün (GRI) standartlarına uyğun hazırlanıb. Hesabatdakı məlumatların düzgünlüyünə “EY Azərbaycan” şirkəti tərəfindən müsbət rəy verilib və təsdiq olunub. Bu hesabat Ali Məktəbin korporativ məsuliyyətinin göstəricisi və onun fəaliyyətinin dünya standartlarına uyğun təşkil olunmasının sübutudur. Ali Məktəb bu hesabatı hər iki ildən bir hazırlamağı öz öhdəliyinə götürüb və digər müəssisələri də Dayanıqlı İnkişaf üzrə Hesabat hazırlamağa çağırır.

Son xəbərlər
Son Xəbərlər