“Qafqazinfo”ya daxil olan məlumata görə, rektor Elmar Qasımov Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında olan əlaqələrin tarixindən danışıb. BANM və VIETSOVPETRO şirkəti arasında qurulan əməkdaşlığın bakalavriat və magistratura səviyyələrində müxtəlif ixtisaslar üzrə yüksək ixtisaslı mühəndislərin hazırlanmasına, korporativ təhsilə, tələbələrin Vyetnamda istehsalat təcrübəsi keçməsinə, Vyetnamlı tələbələrin BANM-də təhsil almasına, ixtisasartırmaya, elmi-tədqiqat işlərinin aparılması, kadr ehtiyatlarının inkişafı kimi vəzifələri uğurla yerinə yetirməyə imkan verəcəyini qeyd edib. Öz növbəsində, VIETSOVPETRO şirkətinin baş direktoru Tı Txan Ngia deyib ki, Vyetnam xalqı Heydər Əliyevin etdiyi əvəzsiz xidmətləri heç zaman unutmur. Ti Txan Ngia təmsil etdiyi şirkət ilə BANM arasında əldə olunan əməkdaşlığın gələcəkdə öz müsbət təsirini göstərəcəyinə əminliyini ifadə edib. Tədbirdə iştirak edən SOCAR-ın Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Vyetnam və Azərbaycan əlaqələrinin böyük tarixə malik olduğunu və yaşlı nəslin nümayəndəsi kimi bu əməkdaşlığın bütün inkişaf mərhələlərinə şahidi olduğunu bildirib. X.Yusifzadə Vyetnamda dənizdə qazma və hasilatı sahəsində təcrübə olmadığına görə, ilk növbədə azərbaycanlı mütəxəssislərin onlara köməklik etdiyini qeyd edərək, bu işlərə azərbaycanlı mütəxəssis Cəlal Məmmədovun rəhbərlik etməsinin təsadüfi olmadığını vurğulayıb. O, Azərbaycanın həmişə Vyetnam üçün mütəxəssis hazırlığında iştirak etdiyini deyərək, bildirib ki, buna misal özünün 69 vyetnamlı tələbələrinin hazırlığında iştirak etməsidir. Sonra Bakı Ali Neft Məktəbi ilə VIETSOVPETRO şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Son xəbərlər
Son Xəbərlər