Bakı Ali Neft Məktəbində 8 mart-Beynəlxalq qadınlar günü qeyd olunub

baki-ali-neft-mektebinde-8-mart-beynelxalq-qadinlar-gunu-qeyd-olunub
Oxunma sayı: 1244

Bakı Ali Neft Məktəbində (BANM) 8 mart-Beynəlxalq qadınlar gününə həsr olunmuş tədbir keçirilib.

Məktəbdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, BANM-in professor-müəllim heyəti və tələbələri, həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri iştirak ediblər.

Məktəbin rektoru Elmar Qasımov Ali Məktəbdə çalışan xanımların timsalında bütün Azərbaycan xanımlarını 8 Mart - Beynəlxalq qadınlar günü münasibəti ilə ürəkdən təbrik edərək, hər birinə bahar əhval-ruhiyyəsi, xoşbəxt və firavan həyat, ailə səadəti, bütün işlərində uğurlar arzu edib. O, Azərbaycan qadınlarının cəmiyyətdəki rolundan, mövqeyindən söz açaraq, onların həm mərd və cəsarətli, həm də qayğıkeş ana olaraq öz ailəsi üçün hər zaman dayaq və dəstək olduqlarını deyib. Elmar Qasımov BANM-in kollektivinin bütün xanım üzvlərini, o cümlədən tələbə qızları bir daha təbrik edərək, onlara dəyərli hədiyyələr təqdim edib.

Tədbir musiqili konsert proqramı ilə davam edib. Musiqili proqramda Azərbaycanın xalq artisti, professor Zamiq Əliyevin rəhbərlik etdiyi xalq-çalğı ansamblının müşayiəti ilə ADMİU-nun tələbələrinin ifasında Azərbaycan xalq və estrada mahnıları, muğam dəsgahları dinləyicilərin zövqünü oxşayıb. Həmçinin ADMİU-nin tələbələri tədbir iştirakçılarına Azərbaycanın xalq rəqslərini, BANM-in “Musiqi klubunun” üzvləri isə öz ifalarında müxtəlif musiqili kompozisiyalar təqdim ediblər.