Bakı Ali Neft Məktəbində açılış mərasimi olub

baki-ali-neft-mektebinde-acilis-merasimi-olub
Oxunma sayı: 966


Açılış mərasimində ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq  Əlaqələr şöbəsinin rəhbəri Fariz Rzayev, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı məlumat mərkəzinin direktoru Nikola Ulliş, layihə iştirakçıları və Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyəti iştirak edib.
Mərasimi giriş nitqi ilə başlayan  Bakı Ali Neft Məktəbinin rektoru  Elmar Qasımov   bu  layihədə iştirak etmək üçün Almaniyanın Lüdviq Maksimillian Universiteti, Berlin Texniki Universiteti, Leypziq Universiteti və digər tanınmış universitetlərindən gəlmiş tələbələri ölkəmizdə  və  Bakı Ali Neft Məktəbində görməkdən  məmnunluğunu ifadə edib. Sonra  layihə haqqında  ətraflı məlumat verən E.Qasımov vurğulayıb ki, bu layihənin məqsədi bilik və təcrübələrin inkişaf etdirilməsi və paylaşılması,  eyni zamanda qədim tarixə, əsrarəngiz təbiətə malik olan, Avropanın və regionun  enerji  təhlükəsizliyi həllində önəmli rol oynayan, artıq dünyanın enerji siyasətinin tərkib hissələrindən biri olan Azərbaycanla tanışlıqdır. Daha sonra BANM-in fəaliyyət istiqamətləri və gələcək perspektivləri haqqında məlumat verən E.Qasımov bildirib ki, bu ali təhsil müəssisəsinin yaranmasında  məqsəd ölkəmizin inkişafında  rol oynayacaq savadlı, yüksəkixtisaslı kadrlar yetişdirməkdir. 

Tədbirdə çıxış edən ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov qeyd edib ki, bilik və təcrübələrin bölüşməsi, ölkələr arasında  ikitərəfli əlaqələrin inkişafı baxımından  bu cür  layihələrin həyata keçirilməsi olduqca vacibdir. Sonra Azərbaycanın  neft tarixi haqqında danışan X.Məmmədov bildirib ki, dünyada  sənaye üsulu ilə ilk dəfə neft  Azərbaycanda  hasil olmuş və ilk dəfə dənizdə neft ölkəmizdə çıxarılıb.