Bakı Ali Neft Məktəbində görüş keçirildi - Fotolar

baki-ali-neft-mektebinde-gorus-kecirildi
Oxunma sayı: 1044

Bakı Ali Neft Məktəbində (BANM) Akademik Zərifə Əliyeva adına Liseyin direktoru, əməkdar müəllim Mehriban Vəliyeva, o cümlədən liseyin bir qrup müəllim və şagirdi ilə görüş keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbiri açan Ali Məktəbin rektoru Elmar Qasımov qonaqları salamlayaraq onları görməkdən məmnunluğunu bildirib. O, Akademik Zərifə Əliyeva adına Liseyin yüksək təlim və tədris, o cümlədən tədrislə bağlı xüsusiyyətləri birləşdirən bir təhsil ocağı olduğunu bildirib. Rektor Elmar Qasımov hazırda BANM-də müxtəlif ixtisaslar üzrə təhsil alan liseyin məzunlarından razılıq ifadə edib.

O, liseyin direktoru Mehriban Vəliyevaya təşəkkür edərək, onun rəhbərliyi ilə sözügedən təhsil müəssisəsində yüksək keyfiyyətlərə malik müəllim heyətinin və məzunların olduğunu vurğulayıb. Orta məktəbdən gənclərin milli-mənəvi dəyərlərə, tariximizə hörmət ruhunda tərbiyə olunmasında orta ümumtəhsil məktəblərinin rolundan danışaraq Elmar Qasımov liseydə işlərin məhz bu istiqamətdə aparılmasının müşahidə olunduğunu deyib. O, BANM və akademik Zərifə Əliyeva adına lisey arasında olan əməkdaşlığın bundan sonra da davam və inkişaf edəcəyinə əminliyini bildirib.

Liseyin direktoru Mehriban Vəliyeva BANM-in rəhbərliyinə təşəkkür edərək Ali Məktəbdə olmaqdan şad olduğunu deyib. Mehriban Vəliyeva bildirib ki, BANM öz nüfuzuna görə ali təhsil müəssisələri içərisində seçilən bir ali təhsil ocağıdır. O, liseyin məzunlarının Ali Məktəbdə etimadı doğrultmalarından, onların özlərini yüksək səviyyədə təqdim etmələrindən məmnunluğunu bildirib.

Sonda rektor Elmar Qasımov liseyin direktoru Mehriban Vəliyevanı BANM ilə əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə Ali Məktəb adından təşəkkürnamə ilə təltif edib.