Bakı Ali Neft Məktəbində məzun günü keçirildi - Fotolar

baki-ali-neft-mektebinde-mezun-gunu-kecirildi
Oxunma sayı: 1610

Bakı Ali Neft Məktəbində (BANM) beşinci dəfə “Məzun günü” keçirilib.

"Qafqazinfo" xəbər verir ki, “Məzun günü”ndə SOCAR rəhbərliyinin nümayəndələri, millət vəkilləri, Azərbaycanın tanınmış media qurumlarının rəhbərləri, Ali Məktəbin professor-müəllim heyəti və məzunlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxışına Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidləri yad etməklə başlayıb. Sonra Elmar Qasımov məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb. Rektor bildirib ki, Ali Məktəb 10 illik yubileyinə hazırlaşır: “Bu illər Ali Məktəbimiz üçün inkişaf və tərəqqi dövrüdür. SOCAR - ın tərkibində olmağımızla qürur duyuruq. İndi bizim məzunlarımız Azərbaycanda və dünyanın müxtəlif ölkələrində istehsalat təcrübəsi keçir. İndiyədək BANM - in məzunları yüz faiz işlə təmin olunublar. Hətta xarici ölkələrdə beynəlxalq səviyyəli şirkətlərdə çalışırlar. Onlar bizim qürurumuzdur. Bir sözlə, bizim tələbələrimiz Azərbaycanın intellektual əsgərləridir".

Bakı Ali Neft məktəbinin məzunlarının uğurlarından bəhs edən SOCAR - ın prezidenti Rövnəq Abdullayev bildirib ki, BANM artıq bir brendə çevrilib: “Bu sizin böyük zəhmətinizin nəticəsidir. 2006 - cı ildə cənab prezident İlham Əliyev bizim qarşımızda beynəlxalq şirkətə çevrilmək tapşırığını qoydu. Lakin həmin vaxtlar bizim beynəlxalq səviyyəli mühəndislər, mütəxəssislərimiz çox az idi. Biz təqaüd proqramları həyata keçirdik və 300 - dən çox gənci xarici ölkələrə mühəndislik ixtisasları üzrə təhsil almağa göndərdik. Lakin biz bununla kifayətlənə bilməzdik. Ona görə də Prezident İlham Əliyevin sərəncamı ilə 2011 – ci ildə Bakı Ali Neft Məktəbi yaradıldı. Bununla da cənab prezidentin neft kapitalını insan kapitalına çevirmək məqsədinə nail oluruq. Artıq Azərbaycanda beynəlxalq səviyyəli, ingilis dilli mühəndislər yetişir”.