Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili” başa çatdı

baki-ali-neft-mektebinde-muhendisler-ucun-biznes-tehsili-basa-catdi
Oxunma sayı: 1007

Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursu uğurla başa çatıb. Bu münasibətlə keçirilən tədbirdə BANM-in rəhbərliyi, BP şirkətinin nümayəndələri və tələbələr iştirak ediblər.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbirdə çıxışı zamanı bildirib ki, 2 ay davam edən “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti mərhələsi müvəffəqiyyətlə öz işini yekunlaşdırıb. O bildirib ki, əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik, idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılması olan layihə boyunca təcrübəli ekspertlər təlimlər keçiblər. 

Rektor qeyd edib ki, proqramda Bakı Ali Neft Məktəbi ilə yanaşı, mühəndislik ixtisası üzrə təhsil alan bir çox ali məktəblərin də tələbələri iştirak ediblər. 

“İngilis dilində həyata keçirilən layihə təhsil müddətində mühəndislik üzrə yüksək səviyyəli bilik və bacarıqlara yiyələnmiş tələbələrə, həm də menecment və biznes sahəsində geniş bilgilər verib. Əsas məqsəd gənc mühəndislərə ümumi biznes biliklərini, baza prinsipləri, liderlik keyfiyyətləri, layihələrin idarəedilməsi, biznes səriştəsi və bir sıra digər istiqamətlərdə modullar keçirilərək savadlı, intellektual kadrlar yetişdirməkdir” - deyə rektor əlavə edib. 

Daha sonra, Azərbaycan-Fransız Universitetinin direktoru Vazeh Əsgərov, Bakı Mühəndislik Universitetinin prorektoru Bayram Hüseynzadə çıxışlarında layihənin tələbələr üçün əhəmiyyətindən danışıblar. 

Sonda təlimləri uğurla başa vurmuş iştirakçılara Bakı Ali Neft Məktəbi və BP-nin birgə sertifikatları təqdim edilib.