“Bakı Bəyannaməsi tarixi və strateji bir hadisədir”

baki-beyannamesi-tarixi-ve-strateji-bir-hadisedir
Oxunma sayı: 1175

“Həyat yerində durmur, yaranan yeni reallıqlar yeni əməkdaşlıq münasibətlərinin formalaşdırılmasını, səylərin artırılmasını, regoionda və dünyada cərəyan edən proseslərin təhlili əsasında  yeni hədəflərin müəyyənləşdirilməsini bir zərurət kimi ortaya qoyur. Bu baxımdan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi qələbəmizdən sonra istər regionda, istərsə də dünyada  baş verən yeniliklər  diqqət mərkəzindədir.  Region və dünya ölkələrinin inkişafına dəstək olan respublikamızın üç dost, qardaş ölkənin-Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin bir araya gəlməsi təşəbbüsü və bu qərar əsasında onların paytaxtımızda görüşmələri təqdir olunmaqla yanaşı, imzalanan Bakı Bəyannaməsinin vəd etdiyi perspektivlər geniş müzakirə olunmaqdadır".

"Qafqazinfo" xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə açıqlamasında bildirib.

“Bakı Bəyannaməsi tarixi və strateji bir hadisədir” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, bu sənəd  dost ölkələr arasında əməkdaşlığın gücləndirilməsində, təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayacaq:

“Azərbaycan-Türkiyə birliyi daim dünyaya nümunədir. Bütün anlarda bir-birinin yanında olan Azərbaycan və Türkiyənin birliyinin sarsılmazlığı Vətən müharibəsində bir daha özünü dünyaya nümayiş etdirdi.  Eyni birlikdə bu gün Pakistanın da yer alması, hazırda dünyanın Azərbaycan-Türkiyə-Pakistan dostluğundan, qardaşlığından bəhs etməsi  qürurvericidir. Tarixi zəfərimiz bu birliyin də təqdimatında əhəmiyyətli rol oynadı. Türkiyə və Pakistanın Azərbaycana mənəvi və siyasi dəstəkləri, zəfərin sevincini ölkəmizlə, xalqımızla eyni şəkildə yaşamaları dövlət başçısı İlham Əliyev tərəfindən müxtəlif səviyyələrdə keçirilən görüşlərdə  xüsusi qeyd olunur. Prezident İlham Əliyev iyulun 27-də Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bu məqamlara diqqəti yönəldərək  əminliklə bildirmişdir ki, Pakistan, Türkiyə və Azərbaycan parlamentlərinin sədrlərinin üçtərəfli görüşü qardaş ölkələr arasında  tərəfdaşlığın inkişafı işinə xidmət edəcək.”

Baş redaktor vurğulayıb ki, Bəyannamədə dövlətlərimiz, xalqlarımız arasında mövcud əlaqələrin yeni istiqamətlər üzrə inkişafı  üçün  parlament səviyyəsində dialoqun və əməkdaşlığın gücləndirilməsinin vacibliyi də öz əksini tapıb.

V.Rəhimzadə daha sonra qeyd edib ki, regionda sülhün, təhlükəsizliyin, sabitliyin qorunub saxlanması üçün hər 3 dövlətin səylərinin birləşdirilməsinin vacibliyi  Bakı Bəyannaməsində xüsusi qeyd edilir:

“Parlamentlərarası əməkdaşlığı dərinləşdirməklə bu hədəflərə böyük töhfələr veriləcək. Şuşa Bəyannaməsinin ardınca Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Azərbaycanda bir araya gələrək Bakı Bəyannaməsini imzalamaları da dünyaya bir çox mesajları çatdırır. Hazırkı dövrün əsas tələbi 10 noyabr Bəyanatının  şərtlərinin icrasına dəstək olmaqla bölgədə sülhün, təhlükəsizliyin dayanıqlığını təmin etməkdir. Dünyanın bəzi dövlətlərinin, təşkilatların bu məsələlərdə hələ də seyrçi mövqedə dayandıqları bir zamanda  Azərbaycan, Türkiyə və Pakistanın yenə də nümunə göstərərək birgə addımlar atmaları təqdirəlayiqdir.”