“Bakı çox dəyişib, britaniyalılar da bunun şahidi olur” - Səfir

baki-cox-deyisib-britaniyalilar-da-bunun-sahidi-olur
Oxunma sayı: 838

“Britaniyanın səyahət tövsiyəsi bütün ölkələr üçün hazırlanır və mütəmadi olaraq yenilənir, nəzərdən keçirilir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Britaniya səfiri Karol Krofts Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalı ilə bağlı keçirilmiş mətbuat konfransında deyib.

Səfir bildirib ki, tövsiyənin mahiyyəti ondan ibarətdir ki, vətəndaşlar gedəcəkləri yerə tam hazırlıqlı olsunlar və həmin ölkələrdə rahat hərəkət edə bilsinlər:

“Bu həftə Britaniya üçün həyəcanvericidir. Biz bu oyun üçün hər iki ölkədə ciddi tədbirlər görmüşük. Bakı son illərdə çox dəyişib. Buraya gələn britaniyalılar da bunun şahidi olur. Səyahət tövsiyəsi Britaniya vətəndaşları üçün yazılır və onların təhlükəsizliyi üçün nəzərdə tutulub. 

Vətəndaşlarımız vizalarını vaxtında alsınlar, tibbi ləvazımat baxımından hazır olsunlar. Tövsiyə bütün ölkələr üçün yazılır və Xarici İşlər Nazirliyinin internet səhifəsində yerləşdirilir. Əmin olmaq istəyirik ki, vətəndaşlarımız getdikləri ölkədə rahat səyahət edə, sonda da evə sağ salamat dönə biləcəklər. Turistlərə xüsusi braşurlar paylaşılacaq ki, orada 4 əsas punkt yer alıb: Pasportdan ehtiyatlı olmaq, özlərinin qayğısına qalmaq, telefonla əlaqədə olmaq, limitləri bilmək. Yəni getdikləri ölkədə hər şeyi edə bilməzlər.

İnsanlar fərqli adət-ənənələri olan ölkələrə gedir və bu zaman bir çox məqama diqqət etməlidir”.

Səfir tövsiyə məktubunda yer alan korrupsiya faktoru ilə bağlı xəbərdarlığa da münasibət bildirib:

“Qeyd etdiyim kimi, tövsiyə məktubunda gedilən ölkələrdə qadağan olunmuş hallarla bağlı xəbərdarlıqlar yer alır. Azərbaycanda da rüşvət verilməsi qanunla qadağandır. Biz o punktu ona görə salmışıq ki, kimdənsə pul istənilsə, həmin halın qeyri-qanuni bir akt olduğunu bilsinlər.
Ölkələrimiz arasında futbol əlaqəsi geniş inkişaf edib. Belə ki, Böyük Britaniya vətəndaşlarına Tofiq Bəhrəmov adı elə də yad deyil. İlk dəfə İngiltərə onun hakim olduğu oyunda dünya çempionu olub”. 

Günel Hacı