Artıq 3 ildən çoxdur ki, Bakı şəhərində Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrası həyata keçirilir.
Əvvəlcə pilot layihə kimi Nərimanov rayonunda başlanan layihənin yüksək səviyyədə icrası nəticəsində xeyli irəliləyişlər əldə olunduğundan müqavilə şərtlərinə uyğun olaraq keçən il mərhələli şəkildə daha 3 paytaxt rayonu – Nizami, Nəsimi və Yasamal rayonları da bu layihəyə qoşulub. Layihənin tətbiqi və gedişatının monitorinqi məqsədilə mütəmadi olaraq ayrıca hər bir rayon üzrə toplanan çeşidlənmiş tullantıların tərkibi və çəkisi araşdırılır, nəticələr əvvəlki müddətlə müqayisə edilir.
Layihənin tətbiqinin monitorinqi məqsədilə Mott MacDonald şirkətinin rəhbərliyinin səlahiyyətli nümayəndəsi, Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahahlar konsepsiyasının rəhbəri Martin Saymon paytaxta gəlib. Qonaq Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Monitorinq Mərkəzində layihənin rayonlar üzrə tətbiqinin nəticələrini araşdırıb, mətbuat nümayəndələrinə bu barədə məlumat verərək jurnalistləri maraqlandıran sualları cavablandırıb: "Layihə Bakı şəhərində sıfır mərhələsindən başlamasına baxmayaraq əldə olunan nəticələrini uğurlu saymaq olar. Bakı son illərdə xeyli inkişaf edib. Onun böyük əraziyə və mürəkkəb landşafta malik olmasına baxmayaraq şəhər çox təmizdir, təmizliyi göz qamaşdırır. Bundan əlavə konteyner meydançalarına nəzər saldıqda burada da təmizliyin şahidi olduq. Layihə uğurla davam edir".
O, müqayisə üçün qeyd edib ki, Birləşmiş Krallığın paytaxtı London şəhərində 20 ildən çox müddətdə icra edilən layihədə təkrar emal üçün çeşidlənən tullantıların həcmi 40 faiz olub. Bakının Nərimanov rayonunda isə 3 il ərzində bu istiqamətdə görülən işlər nəticəsində bu rəqəm son vaxtlarda 30-32 faizə, çeşidlənmiş tullantıların yararlılığı isə 55-60 faizə çatıb, bu da çox yaxşı nailiyyət sayılmalıdır. Bu müsbət hallar layihəyə sonradan qoşulan digər 3 rayonda da əldə edilib.
Martin Saymon qeyd edib ki, müqavilənin tətbiqi ilə bağlı sakinlər arasında geniş maarifləndirmə və izahetmə işləri davam etdirilməlidir.
Qeyd edək ki, Prezidentin ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər Kommunat Təsərrüfatı Xidmətləri üçün müasir tələblərə tam cavab verən 57 ədəd kommunal təyinatlı yeni avtonəqliyyat vasitələri və mexanizmlər alınıb.


Son xəbərlər
Son Xəbərlər