“Bakı Hüquq Mərkəzi”nin yardım xidmətləri “ASAN xidmət” mərkəzlərində

baki-huquq-merkezinin-yardim-xidmetleri-asan-xidmet-merkezlerinde
Oxunma sayı: 4903


Bugünlərdə hüquqi yardım xidmətlərinin siyahısına daha biri əlavə olunmuşdur. Artıq, “ASAN xidmət” mərkəzlərinə hüquqi yardım üçün müraciət edən vətəndaşlar peşəkar vəkillər və hüquqşünaslar vasitəsilə məhkəmələrdə, digər dövlət və qeyri-dövlət orqanlarında təmsil oluna biləcəklər.

2001-ci ildə təsis edilmiş, Azərbaycanın ən nüfuzlu və qabaqcıl hüquq şirkətlərindən biri və eyni zamanda, şirkətdə çalışan hüquqşünasların sayına görə Azərbaycanda ən böyük hüquq şirkəti olan “Bakı Hüquq Mərkəzi” MMC hüquq sahəsindəki çoxillik təcrübəsinə və hüquqşünaslarının peşəkarlığına güvənərək “ASAN xidmət” mərkəzlərində vətəndaşlara hüquqi yardım xidmətlərinin göstərilməsi üzrə vacib missiyanı öz vəsaitləri və peşəkar kadr potensialı hesabına həyata keçirməyi öz üzərinə götürüb.

“Bakı Hüquq Mərkəzi” tərəfindən “ASAN xidmət” mərkəzlərində əhaliyə göstərilən hüquqi yardım xidmətlərinin əsas məqsədi vətəndaşların hüquqlarının səmərəli müdafiəsinə şərait yaratmaqdan, onların hüquqi xidmətlərdən faydalanması imkanlarını asanlaşdırmaqdan, müxtəlif məhkəmə instansiyalarına çıxışlarına dəstək verməkdən, əhalinin qarşılaşdığı hüquqi problemlərin həllinə yardım göstərməkdən, o cümlədən korrupsiya ilə mübarizə sahəsində aparılan islahatlara dəstək verməkdən ibarətdir.

“Bakı Hüquq Mərkəzi” MMC tərəfindən “ASAN xidmət” mərkəzlərində göstərilən hüquqi yardım xidmətlərinə görə müəyyən edilmiş haqq münasib olmaqla istənilən əhali qrupuna peşəkar hüquqi yardım xidmətlərindən bəhrələnmək imkanı yaradıb.