“Bakı İstilik Elektrik Mərkəzi”ndə mövsümi tədbirlər icra edilib

baki-istilik-elektrik-merkezinde-movsumi-tedbirler-icra-edilib
Oxunma sayı: 935

“Azərenerji” ASC-nin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, cari ilin sentyabr ayında müəssisədə dispetçer qrafikinə uyğun olaraq 47,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. Cari ilin 9 ayı ərzində isə 411,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.

Bu ilin son üç ayında 110 kV-lik yarımstansiyanın ərazisində müxtəlif təyinatlı təmir işləri aparılıb. O cümlədən, eleqaz açarları, gərginlik transformatorları quraşdırılıb, yağ açarları təmir olunub. Eyni zamanda elektrik mühərriklərində və digər köməkçi avadanlıqlarda da əsaslı təmir işləri yerinə yetirilib. Aparılan işlərin siyahısı ümumilikdə kifayət qədər zəngindir.

Onu da qeyd edək ki, sözügedən dövrdə azot xətti tamamilə yenilənib, 2 saylı mazut, 4 saylı şəbəkə nasosları da təmir olunub. Bütün bunlarla yanaşı qaz-turbin qurğusunda və onun digər avadanlıqlarında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Ümumiyyətlə isə payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planınında qrafik üzrə nəzərdə tutulmuş işlər başa çatdırılıb. Hazırda stansiya dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Xatırladaq ki, “Bakı” İEM-də hər birinin gücü 53,5 MVt olan iki ədəd qaz-turbin qurğusu fəaliyyət göstərir.

Nigar Məmmədli