Bakı Mühəndislik Universitetində BDU-nun 100 illiyi qeyd olunub

baki-muhendislik-universitetinde-bdu-nun-100-illiyi-qeyd-olunub
Oxunma sayı: 1046

Bakı Mühəndislik Universitetində (BMU) Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti kimi dəyərləndirdiyi BDU-nun keçdiyi tarixi yola nəzər salıb.

Rektor vurğulayıb ki, universitetin inkişafında yeni keyfiyyət mərhələsi ümummilli lider, BDU-nun tarix fakültəsinin məzunu Heydər Əliyevin adı və fəaliyyəti ilə birbaşa bağlıdır:

“Sovet rejiminin tətbiq etdiyi bütün qadağalara rəgmən, məhz Ulu Öndərin səyi nəticəsində 1969-cu il noyabrın 1-də universitetin yaradılmasının 50 illik yubileyi qeyd olunub. Həmin vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin şəxsən tədbirdə iştirak etməsi inqilabi bir hadisə idi”.

BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə bütün müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi fəaliyyətə başlayan universitetin, hazırda Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən biri olduğunu bildirib. O, Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından bəhs edərək, ali təhsil ocağının yubiley tədbirlərinin davam etdiyini, indiyə qədər ölkəmizdə, eləcə də ölkə hüdudlarından kənarda yubileyin qeyd edildiyini söyləyib.

Daha sonra H.Məmmədov müsəlman Şərqində ilk Avropa tipli ali təhsil ocağı olan bu unversitetin bundan sonra da milli kadr hazırlığında, elmin, xüsusilə Azərbaycan dilinin qorunub saxlanmasında və inkişafında müstəsna rol oynayacağına əminliyini vurğulayıb.