Bakı Şəhər Prokurorluğunda Heydər Əliyev anıldı - Foto

baki-seher-prokurorlugunda-heyder-eliyev-anildi
Oxunma sayı: 1831

Mayın 10-da Bakı Şəhər Prokurorluğunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş mərasim keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin şəhər prokurorluğunun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov diqqətə çatdırıb ki, Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Təsadüfi deyil ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunub.

Diqqətə çatdırılıb ki, hər bir prokurorluq əməkdaşında qürur hissi doğuran haldır ki, prezident İlham Əliyev tərəfindən prokurorluğun fəaliyyəti dünya standartları səviyyəsində təkmilləşdirilir, prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir.

Ölkəmizdə hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə əsası Ulu Öndər tərəfindən qoyulmuş qanunvericilik və hüquqi islahatlar daha da genişləndirilməkdədir. Bunun bariz nümunəsi İlham Əliyev tərəfindən "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanın imzalanmasıdır.

 İ.Abbasov şəhər prokurorluğunun kollektivinin Heydər Əliyevin dövlətçilik ideyalarına daim sadiq qalacağını, dövlət müstəqilliyimizin, milli maraqlarımızın, ictimai-siyasi sabitliyin qorunması işində səylərini daha da artıracağını, böyük əzmlə çalışacağını vurğulayıb.

Mərasimin sonunda ümummilli liderin xatirəsinə həsr olunmuş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Vətənə, Xalqa Həsr Edilən Ömür” filmi nümayiş etdirilib.