Bakı Sirkinin ayaqyolundan üfunətli - - Reportaj

baki-sirkinin-ayaqyolundan-ufunetli-
Oxunma sayı: 3612


Bu yaxında Bakı Sirkinin sonuncu şou-tamaşasında oldum. Bakı Sirki deyirəm, bu iki sözün arasında “dövlət” kəlməsi də olmalıydı. Amma indiki Bakı Sirkinin mövcud binasının vəziyyətinə bu titul yaraşmır. Ən azı hər gün yolun, binanın təzələndiyi şəhərimizdə əlliyə yaxın yaşı olan sirk binası çoxdan təmir olunmalı idi. Və yalnız onda bina “Bakı Dövlət Sirki” adına yaraşardı.

“Qafqazinfo” olaraq milli sirk binamızın keçmişi haqqında kiçik araşdırma və indisi haqqında isə reportaj təqdim etmək istəyərdim. 

46 yaşlı Bakı Sirki...

Ən əvvəl onu qeyd edim ki, bizim Bakı Sirkinın olması da bir xoşbəxtlikdir. Ona görə ki, çox irəlidə gedən ölkələrdə hələ də konkret sirk üçün nəzərdə tutulan obyekt yoxdur. Buna misal olaraq,  qonşuluqdakı Türkiyənin adını çəkmək olar. Çoxu sirk mədəniyyətinin formalaşmasına görə keçmiş Sovet İttifaqına minnətdar olmağımızı deyir. Bəlkə də bu bir həqiqətdir. Çoxunun bəyəndiyi və ya nifrət etdiyi həmin rejim bir çox ənənələrin kök salması və bərkiməsinə şəraət yaratmışdı. Elə Bakı Sirkinin  fəaliyyətini davam etdirməsi də həmin ənənədən irəli gəlir. Arada fasilələr olsa da, milli sirk binası tamaşasız və tamaşaçısız qalmayıb. Vaxtiylə, Bakı Sirki Ümumittifaq Sirk Birliyinə tabe idi. Digər respublikalarda olduğu kimi, sirkin qapısı seyrici üzünə açıq olardı. Xoşbəxt ittifaq ölkələri sirkləri arasında mehriban mübadilə münasibətləri vardı.

Azərbaycanda ilk sirk elementləri olan tamaşalar, milli xüsusiyyətlərə malik proqramlar hələ XIX əsrin əvvəllərində mövcud olub. Kəndirbazlarımız, pəhlivanlarımız, müxtəlif heyvanlarla səhnəciklərin hazırlanmasını təşkil edən aktyorlar və.s  Çox halda bu truppaların səyyar və ya pərakəndə fəaliyyəti onların daha geniş şəkildə tanınmasına mane olub.

İlk sirk (sirk-heyvanxana) binasına gəlincə,  böyük olmayan belə obyekt XX əsrin sonunda Nikitin qardaşları tərəfindən tikdirilib. Taxtadan tikilən binada mizanlı səhnələr quran aktyorlar arasında sehrbazlar, kəndirbazlar, klounlar daha çox çıxış edərdilər. Onların sırasında əcnəbilər fəal idilər. Lakin həmin bina taxta olduğundan qəza nətcəsində yandı. Daha sonra 1905-ci ildə növbəti çox iri səhnəsi olmayan yeni sirk-teatr binası tikildi. Hələ inqilabdan əvvəl milli sirk ustalarımızın şöhrəti hamıya məlum idi. Ə.Fərrux adlı sirk ustamızın adı öndə çəkilir. İlk sirk ustalarımız isə X.Abdullayev, M.Şirvani, Yunis və Yusif Ağayevlər, Rza Əlixan, Sali Süleyman və başqaları olmuşlar. 

1967-ci ildə  indiki möhtəşəm Bakı Sirkinin binası istifadəyə verildi. O, zamandan da hər il dekabrın sonunda sirk öz yaşını qeyd edir. Bu binanın memarları Ənvər İsmayılov və Faina Leontyevna olub. Maraqlı arxitekturaya malik binanın özülü bu gün də kökdən düşməyib, amma binada təcili təmir-bərpa, tikinti işlərinin aparılması mütləqdir. Son üç ildə bu barədə qərarlar, layihələr barədə söz-söhbət getsə də, Bakı Sirki yenə də aidiyyatlı qurumların yadından çıxıb. Lazımsız bina və tikililərin qurulması bu vacib mərkəzin təmirindən daha önə keçib.

Sirk Binasının təmiri niyə gecikir?

 Əvvəlcə sonuncu dəfə ayağım dəydiyi sirkin vəziyyəti ilə bağlı bir neçə söz demək istəyərdim. Hər sirkin mövsümü açılışında olduğu kimi yenə də kassalar qarşısında nizamsızlıq, biletlərin sirkin önündə nəzarətsiz şəkildə satışı davam edirdi. Kassadan bu barədə soruşanda, onlar yalnız sirkin daxilindəki vəziyyətə məsuliyyət daşıdıqlarını dedilər. Sirkin daxilindəki alver isə bir başqa müzakirənin mövzusudur. İki və hətta üçqatına qiymətə satılan hədiyyələr, qida məmulatları heç nəyin dəyişmədiyindən xəbər verirdi. Amma o da var ki, sirkin avadanlıqları, maneji köhnəlsə də hələ tamaşalarını yola verə bilir. 

Gəlim əsas məsələdən birinə. Bakı Sirkinin ayaqyolusuna. Tualet hər bir ictimai iaşə obyektinin ayrılmaz hissəsidir, baxmayaraq ki, çoxu hələ də tualet mədəniyyətinin nə demək olduğunu anlamaq istəmir. Sözüm odur ki, Bakı Sirkində tualetin yerini axtarmaq bir elə çətin deyil. Çünki ətrafa yayılan“xoş” qoxu onun yerini göstərəcək. Orada olanlar yəqin ki, şahiddir. Ölkənin yeganə sirk binasının ayaqyolundakı(fotolarda) bu vəziyyət aidiyyatlı qurumları oranın təmirini tezləşdirməyə vadar etməlidir. Ən azı sirk tamaşalarına gələnlərin çoxu uşaqlardır. Onların gigiyenik qaydalara cavab verən tualetə ehtiyacı var. Bu göründüyü kimi balaca məsələ deyil.

 Məsələylə bağlı təəssüf ki, Bakı Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətovla söhbət baş tutmadı. Nə sirkdə olanda, nə də bir necə gün davam edən zənglərə səriştəli şəxsdən cavab gəlmədi. Amma sirkin adını vermək istəməyən əməkdaşından biri, bu yay təmir-tikinti işlərinə start veriləcəyini bildirdi. Onun sözlərinə görə, sirk mövsümi fəaliyyət göstərir, qış aylarında işləyir, yayda isə fasilə verir. “Buna görə də, təmir məsələsi yaya qaldı. Ola bilsin bu bina sökülsün, başqa bir yerdə yeni, daha iri və bir neçə səhnə-maneji olan zallar tikilsin. Üç ildir ki, təmir söhbəti davam edir.”

Ekspert qismində çıxış edən memar Etibar müəllim isə sirkin bu vaxta qədər yenilənməməsinə təəccüb etdiyini deyir. “Hər gün bir bina tikilir, şəhərin ümumi planına uyğun olmayan tikililər yaradılır, bir sirk binasını təzələmək bu qədərmi çətindir? Deyirlər, indiki bina söküləcək. Amma bilməlidirlər ki, bu binanın maraqlı kümbəzli arxitekturası var. Bina tam sıradan çıxmayıb. Sadəcə əsaslı təmir edilməli, yeni müasir avadanlıqlarla təhciz olumalıdır.”

Bizim öz milli sirk truppamız olacaqmı?

Hələ ötən il Bakı Sirkinin müdiri Vaqif Bağırzadə öz çıxşında demişdi ki, sirk binası təmir edilsə orada mütləq əlavə studiya açılacaq. Burada həvəskar qimində çalışan aktyorlara nəzəri biliklər, praktik yardım göstəriləcək. Beləcə, öz milli sirk ustalarımız yetişəcək. İllər keçsə də, bu gün Bakı Sirkinin öz adını daşıyan kollektivi yoxdur. Beynəlxalq dərəcəli sirk ustalarımız olsa da, onlar Vətəninə çox az-az, qonaq kimi gəlirlər. Bəzi mütəxəsislər, sirk truppasının və ya aktyorunun həyat tərzinin elə belə də olduğunu deyirlər. Həmişə qastrollarda olan aktyorlar üçün bu problem deyil. Onu da qeyd etmək gərəkdir ki, bizim kəndirbazlarımız, pəhlivan və maraqlı həmlələr edən akrobatlarımız da az deyil. Onların çoxu bölgələrdə kiçik tamaşaçı qarşısında çıxış etməklə kifayətlənirlər. Rusiyanın əməkdar artisti Rüfət Nəzirov, Rafiq Əliyev öz ailəsi ilə akrobatika üzrə, Aydın İsrafilov dəvəsi ilə, Oruc Zolov kəndirbaz kimi, Murad Abdullayev ayı və canavarları ilə, “sümüksüz adam” titullu Anar Həmzəyev və başqaları bu gün dünyanın bir çox ölkəsini gəzərək öz şou-proqramlarını təqdim edirlər.

 P.S. Bir məqamı da qeyd etməyi borc bilirəm. Bakı Sirkinin ötən ilin dekabrından bu ilin yanvarının 12-dək davam edən şou-proqramı artıq bitib. “Sehirli qış-2” adlı proqram  bitsə də, Tağı müəllimin metro vaqonlarında hələ də reklam-anonlar gedir. Fikrimcə, bu metronun reklam bazarındakı zənginlikdən irəli gəlir.

Raminə Eyvazqızı