Bakı-Tbilisi qatarında nə baş verib?

baki-tbilisi-qatarinda-ne-bas-verib
Oxunma sayı: 2417

“Azərbaycan Dəmir Yolları” QSC ötən gün Bakı-Tbilisi qatarında yanğın baş verməsi ilə bağlı yayılan xəbərlə bağlı açıqlama yayıb. 

“Qafqazinfo”ya daxil olan açıqlamada deyilir ki, dəmir yolunun Padar-Sığırlı mənzilində dünən gecə baş vermiş hadisə ilə bağlı qeyri-dəqiq məlumatlar yayılıb. 

QSC qeyd edib ki, bu informasiyalar yanlışdır və heç bir həqiqəti əks etdirmir. Həmin açıqlamanı təqdim edirik: 

“8 iyul 2019-cu ildə saat 23:22-də dəmir yolunun Padar-Sığırlı mənzilinin 376-cı kilometrində 38 saylı Bakı-Tbilisi sərnişin qatarı hərəkətdə olarkən, elektrovozun hərəkət istiqamətində arxa seksiyanın cərəyanqəbuledicisi zədələnib, kontakt naqilində qopmalar baş verib.

Təcili olaraq bərpa işlərinə başlanılıb, elektrovozun cərəyanqəbuledicisi və kontakt naqili müvafiq qaydaya gətirildikdən sonra, qatar 9 iyun gecə saat 02:10-da təyinatı üzrə yola salınıb.

Hadisə nəticəsində heç bir yanğın baş verməyib, xəsarət alan olmayıb, texniki qurğularda baş vermiş nasazlıqlardan başqa digər hallara yol verilib.

Hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində 2 saat ləngimə qeydə alınıb. 

Hazırda qatarlar öz qrafiki ilə hərəkət edir”.