Bakıda 4 yaşlı uşaq küçəyə atılıb - Foto - Yenilənib

bakida-4-yasli-usaq-kuceye-atilib
Oxunma sayı: 4398

Bakıda 4 yaşlı uşaq anası tərəfindən küçəyə atılıb. Yasamal RPİ-nin 26-cı polis bölməsinin əməkdaşları tərəfindən gecə saatlarında küçədən tapılan azyaşlı “Azərbaycan Uşaqlar Birliyi” Uşaq Sığınacağına yerləşdirilib.

Bu barədə “Qafqazinfo”ya sığınacağın rəhbəri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, hazırda aidiyyəti dövlət qurumları tərəfindən uşaqla bağlı araşdırma aparılır: “Azyaşlının vəziyyəti normaldır. Qorxu keçirdiyi hiss olunur. Tapılarkən əlində açar var idi. Onun xoşagəlməz həyat tərzi keçirən valideynlə yaşadığı ehtimal olunur.

Uşağın anası tapılıb, lakin o, dövlət qurumlarının nəzarətindədir. Ananın vəziyyəti, ev şəraiti və sair qiymətləndiriləcək. Ondan sonra baxılacaq ki, anaya uşaq vermək olar, yoxsa yox. Hətta ola bilər ki, qısa müddətə valideynlik hüququndan məhrum edilsin”.

K. Ağazadə, həmçinin bildirib ki, uşağın qidalanma və yuxu ilə bağlı vəziyyəti orta qiymətləndirilir. Psixi sağlamlığı yerindədir.

***

DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev saytımıza bildirib ki, fevralın 13-ü gecə saatlarında Yasamal rayonu ərazisində avtomobildən düşürülərək nəzarətsiz vəziyyətdə küçəyə buraxılan 4 yaşlı oğlan uşağının təhlükəsizliyi polis əməkdaşları tərəfindən təmin olunub: “Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həmin uşaq sığınacağa yerləşdirilib. Araşdırma aparılır”.

Gülnar Əliyeva