Bakıda 5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı keçirilir

bakida-5-ci-serq-terefdasligi-e-infrastrukturlar-konfransi-kecirilir
Oxunma sayı: 933

Sentyabrın 28-də Bakıda “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nın (The 5th Eastern Partnership E-infrastructures Conference – “EaPEC 2022”) açılış mərasimi keçirilib.

“Qafqazinfo” “AzərTAc”a istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycan dövlətinin yüksək vəzifəli şəxsləri, AMEA-nın elmi-tədqiqat institutlarının rəhbərləri, 70-yə yaxın ölkəni, o cümlədən müvafiq beynəlxalq təşkilatları və nüfuzlu xarici şirkətləri təmsil edən alim və mütəxəssislər iştirak ediblər.

GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” (EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılan tədbirin əsas məqsədi Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsidir.

Konfransda AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov çıxış edərək Azərbaycanın Avro-Atlantik məkana inteqrasiya olunması istiqamətində dövlətimiz tərəfindən uzun illər ərzində ardıcıl və məqsədyönlü siyasətin həyata keçirildiyini, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlığın tarixindən bəhs edən akademik bu əlaqələrin hüquqi əsasının 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulduğunu, 2004-cü ildən başlayaraq Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrdə yeni bir mərhələnin başladığını diqqətə çatdırdı.

Akademik A.Həşimov dünyada baş verən Dördüncü Sənaye İnqilabı nəticəsində bütün fəaliyyət istiqamətləri kimi, elm və təhsil sahələrinin də yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib: “Azərbaycan dövləti ölkəmizdə Dördüncü Sənaye İnqilabı texnologiyalarının geniş və effektli tətbiqi ilə bağlı bir sıra addımlar atmaqdadır. Hesab edirəm ki, Azərbaycanın Avropaya inteqrasiyası baxımından bu texnologiyaların imkanları mühüm əhəmiyyət kəsb edir”.

Alimin sözlərinə görə, “EaPEC 2022” Azərbaycan elmi ictimaiyyətinin Avropa mühitinə inteqrasiyasını sürətləndirməklə yanaşı, azərbaycanlı alimlərə xarici həmkarları ilə birgə tədqiqatlar aparmağa, layihələr həyata keçirməyə və beynəlxalq elmi əməkdaşlığı möhkəmləndirməyə imkan verəcək.

Çıxışının sonunda akademik A.Həşimov belə bir nüfuzlu konfransın ölkəmizdə keçirilməsinin Avropa İttifaqının Azərbaycan dövlətinə və onun apardığı siyasətə etimadının göstəricisi olduğunu deyib.

Tədbirdə çıxış edən GEANT-ın baş direktoru Erik Hayzer “EaPEC 2022” konfransının Azərbaycan elmi və təhsilinin inkişafı baxımından geniş imkanlar açdığını vurğulayıb, konfransın yüksək səviyyədə təşkilinə görə İnformasiya Texnologiyaları İnstitutuna, eləcə də digər müvafiq qurumlara dərin minnətdarlığını ifadə edib.

O, Azərbaycan dövlətinin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, alim və tədqiqatçılarımızın Avropanın elm və təhsil sahəsindəki resurs və xidmətlərindən daha səmərəli istifadəsinin təmin edilməsi istiqamətində lazımi kömək göstərməyə hazır olduğunu bildirib.

E.Hayzer konfrans çərçivəsində iştirakçı ölkələrdən olan xüsusi ekspertlərin müxtəlif mövzulara dair məruzələrinin dinləniləcəyini, həmkarlarla mühüm məsələlər üzrə təcrübə və fikir mübadiləsinin aparılacağını diqqətə çatdırıb.

Konfransda çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm, təhsil və yüksəkixtisaslı, savadlı kadrların hazırlığı istiqamətində yürütdüyü siyasətdən danışıb. Bildirib ki, məhz bu sahədə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, artıq Azərbaycanda dünyanın nüfuzlu qurumlarının təşkilatçılığı ilə beynəlxalq elmi tədbirlərin keçirilməsi ənənəvi hal alıb. Elm və təhsil nazirinin müavini bu tədbirin Azərbaycan elmi və təhsilinin inkişafı üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb, dünyada sürətlə inkişaf edən informasiya texnologiyalarının ölkəmizin elm və təhsil sistemi qarşısında yeni tələblər qoyduğunu bildirib. Nazir müavininin sözlərinə görə, belə bir nüfuzlu tədbirin keçirilməsi Şərq Tərəfdaşlığı ölkələri arasında elm və təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi və gücləndirilməsi baxımından son dərəcə vacibdir.

F.Qurbanov əlavə edib ki, ölkəmizdə gedən rəqəmsallaşma tədbirlərin tərkib hissəsi kimi, son illər təhsilin rəqəmsal transformasiyası üzrə sistemli və ardıcıl islahatlar həyata keçirilir. Təhsil müəssisələri İKT avadanlıqları və internet bağlantısı ilə təmin olunur, həmin təhsil müəssisələrinin kadrları bilik və bacarıqaların artırılması istiqamətində müxtəlif təlimlərdə iştirak edirlər. “EaPConnect layihəsi çərçivəsində Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrində tədqiqat və təhsil ictimaiyyətinin əlaqələndirilməsi məqsədilə təşkil olunan, e-elm və e-infrastruktur məsələlərinin müzakirə olunacağı “EaPEC 2022” konfransının ölkəmizdə keçirilməsi Azərbaycan elmi üçün geniş imkanlar açacaq. Dünyanın ən nəhəng elmi araşdırma və tədqiqat şəbəkəsi olan GEANT şəbəkəsi bütün iştirakçılarına elmi fəaliyyət üçün bir araya gəlmək və birgə elmi tədqiqatlar aparmaq, eləcə də müştərək təhsil proqramlarını tərtib etmək üçün şərait yaradır.

F.Qurbanov “EaPEC 2022-nin həm də Azərbaycan elmi və təhsilinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından geniş imkanlar açacağına əminliyini ifadə edib.