“Qafqazinfo” xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1967-ci il təvəllüdlü qadın və 2010-cu il təvəllüdlü azyaşlı köməksiz vəziyyətdə qalıblar. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən həmin şəxslərin vanna otağında vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxslərin meyitləri xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
***
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həmin şəxslər 1967-ci il təvəllüdlü Dürdanə Malik qızı Səmədova və onun qızı, 2010-cu il təvəllüdlü Kübra İbrahim qızı Səmədova hamamda çimərkən dəm qazından boğularaq ölüblər. Onların meyiti bu gün səhər saatlarında aşkar edilib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər