Bakıda Beynəlxalq Biznes Forum keçirilir - Fotolar

bakida-beynelxalq-biznes-forum-kecirilir
Oxunma sayı: 1117

Noyabrın 15-də Bakı Konqres Mərkəzində 25-ci Beynəlxalq Biznes Forum (İBF - İnternational Business Forum) öz işinə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, forum iştirakçıları tədbir çərçivəsində Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.

“Azərbaycan: Asiyanın incisi” şüarı ilə keçirilən forumun məqsədi Azərbaycanın investisiya imkanlarını, o cümlədən işğaldan azad olunmuş ərazilərimizin zəngin potensialını xarici sərmayədarlara təqdim etmək, iştirakçı ölkələr arasında iqtisadi-ticarət əlaqələrini, biznes sahəsində əməkdaşlığı genişləndirməkdir.

Tədbirin açılışında çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin ilk dəfə Beynəlxalq Biznes Foruma ev sahibliyi etməsinin əlamətdar hadisə olduğunu, tədbirin Azərbaycanın biznes və investisiya mühitinin geniş investor auditoriyasına tanıdılması, yerli və xarici investorlar arasında əlaqələrin inkişafı, innovativ təşəbbüslərin formalaşması və yeni layihələrin reallaşdırılması üçün geniş imkanların yaradılması baxımından əhəmiyyətini qeyd edib. O, Azərbaycan iqtisadiyyatının prioritet sahələri barədə məlumat verib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində görülən tədbirləri diqqətə çatdırıb.

Türkiyənin xəzinə və maliyyə nazirinin müavini Nureddin Nebati Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi layihələrində Türkiyə şirkətlərinin fəal iştirak etdiyini, bunun iqtisadi əməkdaşlığa, biznesin dirçəlişinə, yeni müəssisələrin və iş yerlərinin açılmasına əhəmiyyətli töhfə olacağını vurğulayıb, kənd təsərrüfatı, turizm, tikinti, bərpa olunan enerji və digər sahələrdə iş birliyinin, təcrübə mübadiləsinin daha da genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb. N.Nebati Türkiyə və Azərbaycan arasında qarşılıqlı ticarətin həcmininin 15 mlrd. dollara çatdırılması hədəfinin də əməkdaşlığın gücləndirilməsinə əlavə stimul yaratdığını diqqətə çatdırıb.

Beynəlxalq Biznes Forumun prezidenti Erol Yarar, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və MUSİAD-ın İdarə Heyətinin sədri Mahmut Asmalı çıxışlarında Forumun Azərbaycanda keçirilməsinin önəmini, tədbirin yeni əlaqələrin qurulmasına və investisiya qoyuluşlarına şərait yaratdığını vurğulayıblar.

Sonra KOBİA və MÜSİAD arasında Birgə Yol Xəritəsi, Azərbaycan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və İstanbul Dövlət Özəl Sektor Tərəfdaşlığı Kamillik Mərkəzi arasında dövlət-özəl tərəfdaşlığı üzrə Niyyət Protokolu, Gənc Sahibkarlar Şəbəkəsi Assosiasiyası ilə “Gənc MÜSİAD” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Forum çərçivəsində Azərbaycanın investisiya imkanlarına və dövlət-özəl sektor tərəfdaşlığına (DÖST/PPP) dair panellər təşkil olunub.