Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu tapşırığa uyğun olaraq “Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirləri” mövzusunda Bakıda beynəlxalq konfrans keçirilib.
XİN-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirin əsas məqsədi Ermənistanın hərbi işğalı nəticəsində nəzarət olunmayan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərində təcavüzkar dövlətin və digər ölkələrin hüquqi və fiziki şəxslərinin qanunsuz hərəkətlərini dünyanın nüfuzlu beynəlxalq hüquqşünasları və ekspertlərinin, o cümlədən ölkəmizin aidiyyəti qurumlarının mütəxəssislərinin də iştirakı ilə müzakirə etmək, bu fəaliyyətin hüquqi aspektləri və nəticələrini müəyyən etmək olub.

Konfrans xarici işlər naziri Elmar Məmmədyarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov və UNESCO nümayəndəsinin çıxışları ilə başlayıb. Sonra isə konfrans “Hərbi işğal altında olan ərazilərdə qeyri-qanuni fəaliyyətlə bağlı beynəlxalq hüquqi çərçivə”, “Beynəlxalq hüquqda üçüncü tərəflərin öhdəlikləri və məsuliyyəti”, İşğal olunmuş ərazilərdə aparılan qanunsuz iqtisadi fəaliyyətə beynəlxalq cavab” adlı panellər üzrə davam edib.
Tədbirdə Azərbaycanda və dünyanın digər münaqişəli bölgələrində qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul olan dövlətlərin, hüquqi və fiziki şəxslərin öhdəlikləri və məsuliyyəti, beynəlxalq ictimaiyyətin cavabdehliyi və bu cür qanunsuz hərəkətlərə reaksiyası, beynəlxalq hüququn tətbiqi kimi məsələlərin əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılıb və bu istiqamətində fəaliyyətin gücləndirilməsi üçün tövsiyələr təqdim edilib.
Tədbirdə bir sıra dövlət qurumları, xarici ölkələrin və beynəlxalq təşkilatların ölkəmizdəki diplomatik missiyaları, xarici və yerli elmi-akademik dairələrinin nümayəndələri də iştirak ediblər.
Son xəbərlər
Son Xəbərlər