Bakıda bu ərazi məişət tullantılarından təmizləndi - Fotolar

bakida-bu-erazi-meiset-tullantilarindan-temizlendi
Oxunma sayı: 2304

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə “Yanğın təhlükəsizliyini birgə təmin edək” devizi altında SOCAR-ın aidiyyəti qurumlarının, Səbail Rayon İcra Hakimiyyəti strukturlarının iştirakı ilə birgə nümunəvi tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbir Bibiheybət Neft Qazçıxarma İdarəsinin 3-cü mədən ərazisində keçirilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aidiyyəti qurumların, kommunal təsərrüfat işçilərinin dəstəyi ilə qeyd olunan ərazinin kol-kos və qamışlıqdan, tullantılardan təmizlənməsi, o cümlədən neft, qaz nəql edən boruların təhlükəsiz istismar vəziyyətinə gətirilməsi, yaxınlıqdakı yaşayış evlərinin etibarlı mühafizəsi məqsədilə genişmiqyaslı abadlıq işlərinə start verilib. İşlərə ilkin olaraq neft quyuları, mancanaq dəzgahları ilə yaşayış evlərinin mühafizə zonalarındakı quru kol-kos və qamışlıq sahələrinin təmizlənməsi ilə başlanılıb. Sonra ərazidən keçən kommunikasiya və yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zolaqları yaradılıb və ərazi məişət tullantılarından təmizlənib.

Qeyd edək ki, sözügedən ərazinin ümumi sahəsi təxminən 90 hektardır. 40 hektar ərazidə yerləşən Mərkəzi neftyığma məntəqəsində sahələrdən gələn neftin qəbulu üçün 5 ədəd çən mövcuddur. Bunların beşi 2000m3 , iki çən isə 1000m3 həcmdə xam neftin saxlanması üçün nəzərdə tutulub və 500 metr məsafədə yerləşən Neft Kəmərləri İdarəsinə bu çənlərdən neft nəql olunur. Ərazidə 150 quyu, 70 ədəd mancanaq dəzgahı, neft çöküntüləri yığılan kiçik həcmli çənlər, kollektor və boru xətləri, qaz kompressor və separator qurğuları, neft qızdırıcı sobalar mövcuddur. Bununla yanaşı, ərazidən “Azərişıq” ASC-yə məxsus 110 kV-luq yarımstansiyadan ayrılan yüksək gərginlikli elektrik xətləri, “Azəriqaz” İB-nə məxsus Badamdar qəsəbəsi Qaztəmizləyici məntəqəsindən ayrılan 325 millimetrlik orta təzyiqli qaz boru kəməri keçir. Həmin ərazi sənaye zonası olmaqla, bilavasitə neft quyularının yaxınlığında yerləşən yaşayış evlərinin mövcudluğu baxımından riskli yaşayış zonası hesab edilir. Ərazidəki neft və qaz nəqli borularının ətrafı qamışlıq, kol-kosdan ibarətdir. Bundan əlavə, yaxınlıqda inşaat işləri aparan müxtəlif şəxslər və şirkətlər tərəfindən də bu əraziyə tikinti-məişət tullantıları, o cümlədən yanar materiallar da atılıb ki, bu da ərazinin yüksək risk qrupuna aid edilməsinə, real yanğına səbəb ola biləcək hala səbəb olub.